Keçmiş nazir Murad Adıgözəlzadəni nələrdə ittiham etmişdi? - Dövlət Filarmoniyasının saytı işləmir, telefonları susub...
(3-06-2022, 15:30)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş verənlər bu mədəniyyət qurumunun fəaliyyətini gündəmə gətirib.
Xatırladaq ki, Filarmoniyanın həyətində gecə klubu kimi fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş video kadrlar sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Mədəniyyət Nazirliyinin müdaxiləsindən sonra məkanın fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, bu konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı və bu kol- lektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestridir. 2017-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusu verilib.
1996-2004-cü illərdə Filarmoniya binasında əsaslı bərpa və yenidənqurma işləri aparılıb. 27 yanvar 2004-cü ildə Filarmoniya binasının təntənəli açılış mərasimi baş tutub. Açılışda Prezident İlham Əliyev də iştirak edib.
Filarmoniyaya uzun illərdir məşhur pianoçu, Xalq artisti Murad Adıgözəlzadə rəhbərlik edir. Onun sözügedən quruma nə zaman direktor təyin olunması ilə bağlı internet resurslarında heç bir məlumat yoxdur. Hətta M.Adıgözəlzadənin Vikipediya məlumatlarında da bu tarix yazılmayıb. Ümumiyyətlə bu qurum ictimaiyyətlə əlaqələrini kəsmiş kimi görünür. Bu üzdən direktor zaman-zaman mədəniyyət xadimlərinin kəskin qınağına məruz qalıb. Məsələn, əməkdar artist, milli rəqqas Kamil Dadaşov 2012-ci ildə verdiyi müsahibədə M.Adıgözəlzadə haqqında belə fikirlər işlədib: "...Filarmoniyaya Murad Adıgözəlov kimi passiv direktor lazım deyil. Direktor pisi yaxşıdan seçməyi bacarmalıdır. Bir dəfə Murad müəllimin qəbuluna getdim. Cavanlığımı qoyduğum filarmoniyanın qəbul otağında saatlarla gözlədim. Murad Adıgözəlov nə etsə yaxşıdır? O, məni qəbul etmədi..."