“Qarabağ”ın ÇL-də rəqibləri hansı komandalar ola bilər? - 3 turnirə 233 komanda qatılacaq
(23-05-2022, 13:30)
2022-2023 mövsümündə UEFA-nın klub turnirlərinə 233 komanda buraxılır. Novator.az bildirir ki, Çempionlar Liqasında 78, Avropa Liqasında 21, Konfrans Liqasında 134 komanda start götürür.
Çempionlar Liqası
İlkin mərhələyə 4, birinci mərhələyə 29, ikinci mərhələyə 9, üçüncü mərhələyə 8, dördüncü mərhələyə 2, qrup mərhələsinə 26 birbaşa vəsiqə var.
İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya”, Andorradan “İnter” ilkin mərhələyə (21-24 iyun) bilet alıb.
Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Polşadan “Lex”, Sloveniyadan “Maribor”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Lüksemburqdan “Düdelanj”, Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Albaniyadan “Tirana”, Şimali İrlandiyadan “Linfild”, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Moldovadan “Şerif”, Maltadan “Hibernians”, Farer adalarından “Klaksvik”, Kosovodan “Balkani”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Sutyeska”, Uelsdən “Nyu Sents” birinci mərhələdə (5-13 iyul) qərar tutub.
İkinci mərhələdən (19-27 iyul) liqalar yolu ilə Ukraynadan “Dinamo”, Türkiyədən “Fənərbaxça”, Danimarkadan “Midtülland”, Kiprdən AEK, çempionlar yolu ilə Çexiyadan “Viktoriya”, Xorvatiyadan “Dinamo”, İsveçrədən “Sürix”, Yunanıstandan “Olimpiakos”, İsraildən “Makkabi” (Hayfa) başlayır.
Üçüncü mərhələyə (2-9 avqust) liqalar yolu ilə Fransadan “Monako”, Portuqaliyadan “Benfika”, Niderlanddan PSV, Belçikadan “Union”, Avstriyadan “Şturm”, Şotlandiyadan “Reyncers”, çempionlar yolu ilə Kiprdən “Apollon”, Serbiyadan “Srvena Zvezda” buraxılıb.
Dördüncü mərhələyə (16-24 avqust) Türkiyədən “Trabzonspor”, Danimarkadan “Kopenhagen” düşüb.
İngiltərədən “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem”, İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer”, “Leypsiq”, “Ayntraxt” (Frankfurt), Fransadan PSJ, “Marsel”, Portuqaliyadan “Portu”, “Sportinq”, Niderlanddan “Ayaks”, Belçikadan “Brügge”, Avstriyadan “Zalsburq”, Şotlandiyadan “Seltik”, Ukraynadan “Şaxtyor” rəqibləri qrup mərhələsində (6 sentyabr-2 noyabr) gözləyir.
“Qarabağ”a birinci mərhələdə “Linfild”, “Zrinski”, “Şaxtyor” (Belarus), “Sutyeska”, “Klaksvik”, “Lex”, “Hibernians” (Malta), “Tobol”, “Şkupi”, RFS, “Dinamo” (Batumi), “Tirana”, “Balkani” rəqib ola bilər. Potensial rəqiblər sırasında ilkin təsnifat mərhələsinin iştirakçıları da var: “Vikinqur”, “Levadiya”, “İnter” (Andorra).
İkinci mərhələdə Azərbaycan təmsilçisinə “Makkabi” (Hayfa), “Sürix”in, üçüncü mərhələdə “Apollon”un, dördüncü mərhələdə “Kopenhagen”in qismət olması mümkündür.