Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq
(9-05-2022, 20:00)

Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edən azərbaycançılıq ideyasını irəli sürməsi, onu bir ideologiya şəklində formalaşdırması və bütün dünyada Azərbaycan diasporlarının təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan.”
Ulu Öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü yəqin etmişdir. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün olmadığı üçün Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün bu sahədə sistemli və ardıcıl siyasət yeritməkdədir. Bu səbəbdən də xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir.
Qeyd etmək yerinə düşər ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktora çevrilib. Çünki dünya ölkələrində Azərbaycan diaspor təşkilatlarının mövqeylərinin getdikcə güclənməsini şərtləndirən əsas amil Azərbaycan Prezidenti cənab İlham Əliyevin də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşmasıdır. Ötən 19 ildə bu yönümdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən dövlət başçımız müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin xalqına, xalqın isə Ümummilli Liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir deyim yaratdı – “Heydər-Xalq, Xalq-Heydər!” Əslində bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini təcəssüm etdirir. Bu səbəbdən də heç bir şübhə yoxdur ki, Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ulu Öndərin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq.Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri
Ana səhifəyə qayıt
Oxunub: 58
Xəbər lenti
23-05-2022 15:00
23-05-2022 13:30
23-05-2022 12:00
21-05-2022 16:00
Ən çox baxılanlar
Seçilənlər