Xalqımızın xoşbəxt gələcəyinin yeganə etibarlı təminatı Ulu Öndər Heydər Əliyev yolunun davam etdirilməsidir
(9-05-2022, 10:00)

 
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz və qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir və Heydər Əliyev adı şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Balanslaşdırılmış və mil­li mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-tex­niki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli Liderin başlıca stra­teji hədəfləri olmuşdur.
Məhz bu strateji hədəflər daim əsas götürülməklə, bu gün ölkəmizdə Ulu Öndər Heydər Əliyev ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir, Respublikamız intibahının yeni mərhələsini yaşayır və  yeni-yeni nailiyyətlərə imza atır. Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfər, işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun yüksək sürətlə bərpası,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan yüksək inkişaf məhz Heydər Əliyev yolunun nə qədər mükəmməl olduğunu göstərir.
Bizə möhtəşəm uğurlar bəxş edən siyasət barədə söz açarkən, xalqımızın Ulu Öndəri Heydər Əliyevin dahiliyinin, böyüklüyünün, uzaqgörənliyinin və mükəmməl siyasi irsinin böyük rolu xüsusi olaraq göz önündə canlanır. Azərbaycanın keçdiyi yüksəliş yolu həm də ondan xəbər verir ki, Prezident İlham Əliyev öz müdrik və qətiyyətli siyasəti ilə Ümummilli Lider Heydər Əliyev ideyalarının həyata vəsiqə almasını layiqincə təmin edir.
Xüsusi qeyd etmək lazımdır ki, müasir tariximizin böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrün həm sovet, həm də müstəqillik mərhələsində Heydər Əliyevin liderliyi ilə Azərbaycan elə möhtəşəm uğurlara imza atıb ki, onların hər biri bir uğur salnaməsidir. Sovet dövründə Azərbaycanı inkişaf yoluna çıxaran, milli kimliyimizi, mənəvi dəyərlərimizi qətiyyətlə qoruyan Heydər Əliyev həm də xalqımızın istiqlal və müstəqillik mücadiləsinə böyük töhfələr vermiş şəxsiyyətdir. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin sayəsində ilk dəfə Naxçıvanda üçrəngli bayrağımız rəsmi şəkildə ucaldıldı, sovet dəyərlərindən tamamilə imtina edildi. Naxçıvan Muxtar Respublikasının ağır tarixi sınaqlardan layiqincə çıxması da Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin böyük səyləri nəticəsində muxtar respublikanın tarixində yeni dövrün əsası qoyuldu, Türkiyə və İranla əlaqələr yaratmaqla blokada vəziyyətində olan Naxçıvanda rifahı təmin etdi.
Tarixin bütün mərhələlərində xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində də öz tarixi missiyasını layiqincə yerinə yetirdi. O dövrdə Azərbaycan ictimaiyyətinin problemlərdən xilas olmaq üçün Ulu Öndərə müraciətlər ünvanlaması heç də təsadüfi deyildi. Çünki xalq əmin idi ki, yalnız Heydər Əliyev dövlətimizi və xalqımızı məhv olmaq təhlükəsindən xilas edə edər. Bu gün sıralarında qürurla təmsil olunduğumuz Yeni Azərbaycan Partiyasının yaranması da Heydər Əliyevə olan ümumxalq inamının təcəssümü idi.
Tarix xalqın öz sınanmış oğluna etimad göstərməkdə nə qədər haqlı olduğunu sübuta yetirdi. Özünün böyük dühası ilə Ulu Öndər müstəqilliyimizi, dövlətçiliyimizi xilas etdi, müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Böyük xilaskar 1993-2003-cü illərdə ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı.
Ulu Öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyaları və onun əsaslarını müəyyən etdiyi inkişaf strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün seçkilərdə Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyevi dəstəkləməklə xalqımız həm də Ulu Öndərin ideyalarının davamına səs verib.Fəxrlə qeyd etməliyik ki, ötən 19 ildə cənab  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda lider dövlətə, dünyada isə söz sahibinə çevrilib. Bu dövrdə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilib, sosial-iqtisadi inkişaf istiqamətində mühüm göstəricilərə nail olunub.
Vətən müharibəsində əldə etdiyimizMöhtəşəm Zəfər bir daha  göstərdi ki, Azərbaycan dövləti bu gün tarixinin ən güclü dövrünü yaşayır və bu güc İlham Əliyev siyasəti ilə daha da artmaqdadır. Bütün dünya gördü ki, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi və yenidən qurduğu, Prezident İlham Əliyevin qüdrətləndirdiyi müasir dövlətimiz indi istənilən problemini özü həll etməyə qadirdir. Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı azad etməklə, xalqımızın yeganə ağrılı probleminə son qoydu. Möhtərəm Prezidentimizin dediyi kimi, bununla həm də ata vəsiyyətini yerinə yetirdi.
Bu gün anadan olmasının 99-cu ildönümünü qeyd etdiyimiz zaman bir daha Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərini xatırlamağa, Onun əziz xatirəsini ehtiramla yad etməyə borcluyuq.
Bütün Azərbaycan xalqı birmənalı şəkildə bilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğurun, Azərbaycanın yüksəlişinin, xalqımızın aydın gələcəyinin yeganə etibarlı təminatı Heydər Əliyev yolunun davam etdirilməsidir və bu yol uğurla davam edəcəkdir.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 46

Xəbər lenti
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031