“Ölkə başçısının məktəblərə gəlişi tarixi hadisə kimi qiymətləndirilir” – Millət vəkili
(3-05-2022, 13:00)
Azərbaycanda təhsilin inkişafı dövlətin əsas prioritetlərindən biridir. Hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcmi müdafiə və təhlükəszilik xərclərindən sonrakı yerdə gəlir. 2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi nəzərdə tutulur. Bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, qabaqcıl texnologiyanın, innovativ yeniliklərin tətbiq edilməsi, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı yeni məktəblərin tikintisi, əsaslı bərpası, yenidən qurulması da prioritet istiqamətlərdən biri kimi respublikanın bütün regionlarını əhatə edir. 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 12, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə 3, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 2, Qaçqınlar və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sifarişi ilə 1 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.
Xatırladaq ki, mayın 2-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Heydər Əliyev Fondunun 2005-ci ildən uğurla icra olunan layihələrindən biri olan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir.
Qeyd edək ki, 44 günlük müharibədən sonra dövlətin qarşıya qoyduğu prioritetlərdən biri də işğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun yaradılmasıdır. Sözügedən ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Artıq bu istiqamətdə işlərə də start verilib.
Prezident İlham Əliyev mayın 8-də “Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ölkə başçısı İlham Əliyev məktəbin təməlqoyma mərasimində iştirak edib. Ötən il mayın 28-də isə Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının da təməlini qoyub. Bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Prezident İlham Əliyev, həmçinin oktyabrın 4-də Cəbrayıl şəhərinə səfəri çərçivəsində burada akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib. Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulub.