“Son 50 ilin ən yüksək qiymət artımı baş verəcək” - Dünya Bankı xəbərdarlıq edir
(28-04-2022, 12:30)

Dünya Bankının son hesabatında qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi 1970-ci ildən bəri ən yüksək qiymət artımlarına səbəb olacaq.
Dünya Bankının proqnozlarına görə, münaqişə səbəbindən istehsal və tədarük zəncirinin pozulması, enerji qiymətləri başda olmaqla, bir çox ərzaq məhsullarının qiymətini bahalaşdıracaq.
Hesabatın müəllifi Piter Naql hesab edir ki, böhran ən çox təsərrüfat sahələrinə təsir edəcək: “Təsərrüfatlar qiymət artımına qarşı ən həssas sahə hesab olunurlar. Hazırda bu sahədə artım tempi 50 faizdən yuxarıdır. Bu da təsərrüfat xərclərinin artmasına səbəb olur. Eyni zamanda bu il gübrə qiymətlərinin 69% artacağının proqnozlaşdırılması, fermerlərin daha az gübrə istifadə etməyə başlaması və kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsi ilə bağlı gözləntilər böyükdür. Ən yüksək artım Avropada qeydə alınıb. Burada xərclər təxminən iki dəfədən çox artıb. Təsərrüfat xərclərinin 2024-cü ildə azalacağı proqnozlaşdırılsa da, əvvəlki illərlə müqayisədə 15 faiz yüksək olması gözlənilir”.
Hesabatda qeyd olunur ki, enerji qiymətləri 2020-ci ildən bu yana ilk dəfə bu qədər bahalaşıb. Bu sahədə sonuncu dəfə 1973-cü ildə Yaxın Şərqdəki gərginlik səbəbindən kəskin qiymət artımlarının baş verdiyi xatırladılır. Neft qiymətlərinin 2024-cü ilə qədər yüksək səviyyədə qalacağı, bu il neftin bir barrelinin orta hesabla 100 dollar civarında olacağı təxmin edilir.
Dünya Bankının hesabatında deyilir ki, əksər xarici şirkətlər sanksiyaya məruz qaldığından, qiymət artımlarının mənfi təsirləri uzun müddət davam edəcək.