Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
(25-04-2022, 09:55)
Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Marin Le Pen iştirak edir.
səsvermə ərəfəsində reytinqlər ölkənin hazırkı liderinin qələbəsini proqnozlaşdırır.
İlk turda namizədlər arasında fərq 5 %-dən az olsa da, Emmanuel Makron Marin Le Pen üzərində fərqi xeyli artırıb.
Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.
Seçki məntəqələri səhər saat 08:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) açılacaq. “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.