“SPUTNİK”İ BAĞLAYAQ!
(18-04-2022, 18:00)

Ayşən Aslan-Məmmədli,

Bakı Dövlət Universiteninin müəllimi; “Qarabağa dönüş” ictimai birliyinin “Beynəlxalq məsələlər” şöbəsinin əməkdaşı

Dünyamızın bu qarışıq vaxtında da fürsəti əldən verməyib, necə deyərlər, “bulanıq suda balıq tutmaq istəyənlər” var. Bu şəxslərdən biri də rusiyalı jurnalist, propaqandist və ənı əsası, erməni olan “Rossiya seqodnya” informasiya agentliyinin baş redaktoru Marqarita Simonyandır.




Xanımın erməni kimliyini xüsusi vurğulamağımız təsadüfi deyil, o səbəbdən ki, Simonyanın etnik mənsubiyyəti onun bütün peşəkar fəaliyyətinin fövqündə dayanır. Hətta özünü alovlu tərəfdarı, təbliğatçısı kimi təqdim etdiyi Rusiyanın dövlət maraqlarını da bu erməni kimliyi kölgədə qoyur. Belə olmasaydı, Rusiyanın daha çox dostlara, tərəfdaşlara ehtiyacı olduğu vaxtda Azərbaycanı şimal qonşusundan uzaqlaşdıran, incik salan yazılara Simonyanın rəhbərlik etdiyi informasiya resurslarında geniş yer verilməzdi. Son zamanlar, Marqarita xanım yeni “tezisi”, “fikri” ortaya atıb ki, Qarabağın dağlıq hissəsi, yəni, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən ərazilər Rusiyaya birləşdirilməlidir. Belə bir mövqe ilə xanım Simonyan Rusiya ilə Azərbaycan arasında formalaşmış münasibətləri zərbə altında qoymaqla yanaşı, Moskvanın Ermənistan - Azərbaycan arasında vasitəçilik missiyasını da sorğulamaq üçün ciddi əsaslar verir. Nəzərə almaq lazımdır ki, Marqarita Simonyanın rəhbərlik etdiyi informasiya agentliyi Rusiya hökumətinə məxsusdur və belə bir media platformasında ifadə olunan hər hansı fikir həm də Kremlin mövqeyi kimi qəbul edilir. Simonyanın ölkəmizin ərazi bütövlüyünə qarşı səsləndirdiyi fikirlər, eyni zamanda, Rusiya və Azərbaycan arasında bu ilin fevralında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə, xüsusilə də, bu sənədin 1-ci maddəsinə ziddir. Qeyd edək ki, bəyannamənin 1-ci maddəsində iki ölkə arasında münasibətlərin qarşılıqlı olaraq dövlət müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında qurulması nəzərdə tutulub. Təəssüf ki, Simonyan kimilərinin fəaliyyəti nəticəsində iki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsi Azərbaycan cəmiyyətinin nəzərində etibarsızlaşdırılır.

Məsələdə daha bir vacib və arzuolunmaz məqam Marqarita Simonyanın rəhbərlik etdiyi informasiya resursunun bir qolunun, “Sputnik Azərbaycan”-ın ölkəmizdə fəaliyyət göstərməsidir. Fikrimcə, artıq bu internet portalının Azərbaycanda yayımının dayandırılmasının vaxtı çatmışdır. Hesab edirəm ki, Simonyan kimi ölkəmizin ərazi bütövlüyünə düşmən mövqedən yanaşan şəxsin rəhbərlik etdiyi elektron media orqanının Azərbaycanda yayımı ilk növbədə informasiya təhlükəsizliyimizə ciddi təhdidlər yaradır. Sabah ya birigün ölkəmizin ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı yazıların “Sputnik Azərbaycan”-da yayınlanmayacağına kim təminat verər?! Həm də, açığı o amil də nəzərə alınmalıdır ki, Rusiyaya bağlı media orqanları daha çox bu dövlətin başqa ölkələr daxilində neoimperialist maraqlarını təmin etmək üçün “yumşaq güc” kimi çıxış edir. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra aparıcı informasiya saytlarına giriş Rusiyada bloklanıb. Belə olan halda haqlı sual ortaya çıxır ki, nəyə görə biz Simonyanların rəhbərlik etdiyi elektron medianın ölkəmizdə fəaliyyətinə icazə verməliyik?!

Beləliklə, “Sputnik Azərbaycan” kimi “yad cisimlərin” ölkəmizin internet media məkanında fəaliyyətinin dayandırılması zərurəti günün tələbi kimi qarşımıza çıxır və həm də, bu zərurət milli təhlükəsizlik maraqlarımız baxımından dəyərləndirilməlidir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti