ŞƏHİDLİYİN UCALIĞI
(15-04-2022, 13:15)


 Şəhidlik bir üzü, düz sözü, saf əxlaqı, qədim xalqı olan insanların xislətidir, alın yazısıdır, həyat amalıdır. Şəhidlik yalnız torpaq və din uğrunda həyatından keçən insanların nəsibi olur. Hər ikisi əlamətdir. Biri ulu babalardan, cəngavər dədələrdən gələcək nəsilə, ikincisi Xaliqdən xilqətə. Əmanətə xəyanət olmaz. Olarsa, bunu nə millət, nə də qüdrət sahibi bağışlamaz. Şəhidlik məqamında bəhanələr, tərəddüdlər olmaz. Olarsa, bəraət olmaz. Ömür də əmanətdir. Bu əmanəti iki müqəddəs – torpaq və din uğrunda qeyb edənləri əmanət sahibi olan ulu Tanrı cəzalandırar, əksinə, şəhidlik yolunu tutanlar isə gözəl Allahın lütfünə, inayətinə, şərafətinə layiq görülər.
Doğrudan, nə gözəl bir ehtiram. Onsuz da insan ömrü əcəl ilə hədələnən müvəqqəti nəsnədir. Amma şəhidliyin motivi olan torpaq və din əbədidir, müqəddəsdir. Əbədiyyəti dərk edib onun uğrunda müvəqqəti olandan könüllü imtina etmək idrak sahibinin, təfəkkür yiyəsinin parlaq xislətidir. Saf əxlaqın təzahürü və tərənnümüdür. Şəhidlik zirvəsi o qədər ucadır, şəhidlər o qədər saf əxlaq sahibidir ki, Yaradan onları əbədi cənnət ilə müjdələyir. Onları ədalət divanından azad edir. Onlar sorğu-suala məhkum olmurlar. Şəhid ruhunun xahişi gözəl Rəbbimiz tərəfindən qəbul olunur. Nə böyük ehtiram, nə dəqiq qiymətləndirmə, nə ülvi şərafətə layiq görülmə. Bunun alternativi, bənzəri, oxşarı yoxdur. İlahinin təyin etdiyi yolun düzgünlüyü, maneəsizliyi, təkrarsızlığı dərrakə sahibini həmişə heyrətə gətirir, təfəkkürü heyran edir. Bunu yalnız bəsirət gözü açıq olanlar görər, onlar zövq alarlar. Xudaya, kəramət sahibinə onlar valeh olarlar. Bir ömrə qıyıb şəhid olanlar Pərvərdigar tərəfindən insan ağlının dərk edə bilməyəcəyi intəhasızlıqla əbədi sevgiyə layiq görülürlər. Əbədi həyat qazanırlar. Uca Allahın kəraməti önündə insan dərrakəsi aciz, ağlı cüzidir.
Bu, torpağın nə qədər əvəzolunmaz nemət, nə qədər qiymətli əmanət, nə qədər ehtirama və ehtişama layiq olduğunun təzahürü, inikasıdır.
Torpaq – uğrunda ölən varsa Vətəndir. Bu deyim insanları düşündürür, bu aksioma qarşısında baş əyməyə vadar edir.
Cəsur ürəkli Harun geri çəkilməmək qərarını qəbul etmişdi. Erməni ordusunun məğlubedilməzliyi sindromunu sındırmaq üçün döyüşdüyü bölüyü qələbəyə ruhlandıraraq zəfərin onlar tərəfində olduğunu inandırmağa çalışmışdı. Əyani sübut, örnək kimi, öndə getmiş, ilk atəşi özü açmış, düşmənin də ilk atəşini özü qarşılamışdı. Onun qəhrəmanlığı, döyüş şücaəti, qələbə əzmi, zəfərə inam bölük əsgərlərinə də sirayət etmişdi. II Qarabağ döyüşü – Vətən müharibəsində hər əsgər qəhrəmana, hər qarış torpaq alınmaz qalaya dönmüşdü. Hər əsgər sinəsi səngər olmuşdu. Bu əzm onları qələbəyə ruhlandırırdı. Bunu görən düşmən tərəf vahiməyə düşmüş, dərin təlaş və həyəcan keçirərək qaçırdılar. Qaça bilməyənlər isə qırılırdılar. Məhz qırılırdılar. Bunu daşnak komandirlər heç cür dərk edə bilmir, heç vəchlə həzm edə bilmirdilər. Döyüş meydanları erməni əsgərləri ilə dolmuşdu. Torpaq onların murdar qanına bulaşmışdı. Azərbaycan əsgərini isə yalnız qələbə düşündürürdü. Silaha sarılan Azərbaycan əsgərlərini sərkərdə babalarının ruhları döyüşə, qələbəyə, şanlı zəfərə çağırırdı. Mükəmməl silahlanmış, qələbə əxlaqıyla...
İlk insanın Yer üzünə gəldiyi gündən ta bu günə qədər bəşər tarixində nə qədər höcətləşmə, dalaşma, mübahisə və müharibələr torpaq üstündə olub. İşğalçı olanlar da, işğala məruz qalanlar da özlərini haqlı sayıblar. Əməllərinə bəraət qazandırmağa çalışıblar. Bir tərəfin digərinə dürlü iradları olub. Hər iki tərəfdən əsgəri – hərbçi itkiləri olub. Bu hərbçi itkiləri insan qırğınları sırasında şəhidlər olub. Şəhidlər yalnız və yalnız işğala məruz qalıb torpaqlarını işğalçılardan qoruyan tərəfin döyüşçüləri arasından olub. İşğalçı tərəfin döyüşçüləri arasında şəhid ola bilməz. Çünki işğalçılıq özü bir əxlaqsızlıq nümunəsidir. Reallıq, həqiqət burada necə də öz gözəl qiymətini alır. İşğalçı tərəfin əsgəri itkisi adi statistika, işğala məruz qalan tərəfin canlı qüvvələri təhlükənin labüd olduğunu bilib, ancaq geri çəkilməyi şəninə sığışdırmırsa, torpağın işğalına aparan yol hesab edib bunu qəbul etmirsə, ağır döyüşlərdə qəhrəmancasına həlak olursa, bu şəhidlik sayılır. Əgər əsgər üçün vətənin hər qarış torpağı müqəddəs, sərhədlərin dəyişdirilməsi qəbul edilməz, əsgər yoldaşının həyatı onun öz həyatı qədər şirindirsə, onda döyüşün ağır məqamında geri çəkilməyib ömrünü vətənə qıyırsa, o, şəhidlik zirvəsinə ucalır. Qəhrəmanımız, şəhidimiz Harun kimi...
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 





Mənzər Qurbanova,
"dovrunnabzi.az"шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 209

Xəbər lenti