Azərbaycan Qadın İnkişaf Mərkəzində (AQİM) bayram ovqatı birlikdə yaşandı
(23-03-2022, 14:27)

 
Bildiyimiz kimi mart bayramlar ayıdır. Bunlardan Mülki Müdafiə Günü, Beynəlxalq Qadınlar Günü, kainatın yaradılşını əks etdirən dörd ünsürün su, od, hava və torpaq-ilaxır çərşənbələri, artıq  “YUNESKO”nun mədəni irs siyahısına daxil olmuş “Novruz” bayramı, Beynəlxalq Teatr Günü və sairə...Nə yazıq ki, bu siyahıda 1918-ci ilin 31 mart tarixli, erməni-bolşevik birləşmələrinin azırbaycanlılara qarşı apardığı kütləvi soyqırım faciəsi də yer alıb. Necə deyərlər, müdrik Azərbaycan xalqı bayramını bayram kimi, matəmini də matəm kimi yaşatmağı bacarıb və bu gün də bu belədir.AQİM-nin təsisçisi və fəxri prezidenti, Azərbaycanın ilk ombudsmanı, professor Elmira xanım Süleymanovanın təşəbbüsü və rəhbərliyi ilə ötən aylarda keçirilən sil-silə tədbirlər planı xalqla hakimiyyətin qüdrətli birliyindən, Azərbaycanın qəhrəmanlıq tarixindən, qan yaddaşımızdan bəhs edərək, gənc nəslin vətənsevərlik, dövlətə bağlılıq, xalqına xidmət ruhunda tərbiyələndirilməsində maarifləndirici pol oynayır. Belə tədbirlərdən, 1990-cı ilin “20 yanavar” faciəsi günü, 2 fevral Azərbaycan Gənclər Gününə görə, Azərbaycan Uşaq və Gənclər  “Sülh” şəbəkəsinin çox fəal üzvüləri olmuş şəhid Sübhan Abdurəhmanlının xatirəsinə həsr olunan “Xoş gəldin Sübhan” adlı görüşü və şəhid Davud Qurbanovun doğum gününə həsr olunan kütləvi tədbir, 1992-ci ilin 26 fevral “Xocalı soyqırım”ı gününə həsr olunan sil-silə görüşləri misal gətirmək olar.
Bu dəfə  AQİM-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclər  “Sülh” şəbəkəsinin rəhbəri Mehriban Bağırovanın növbəti tədbirə olan dəvəti, mənim kimi burada iştirak edən hər kəsin ürəyincə oldu. Ürəyincə oldu ona görə ki, xalqın qədim tarixi köklərinə bağlı olan “Novruz”un ilk gününü, necə deyərlər: – “ili necə qarşıayarsansa, elə də yola salarsan”  düşüncəsi, əhvalımıza bir az da bayram ovqatı qatdı.
Həm də 21 mart 2022-ci il səhər saat 11.00-da AQİM-nin yaradıcısı, fəxri prezidenti, hamının sevimlisi, olduqca sadə, sadə olduğu qədər də təvazökar Elmira xanım Süleymanovanın təşəbbüsü ilə təşkil olunmuşdu bu bayram görüşü. Odur ki, ağır pondemiya dönəmindən sonra hər kəs bu xoş görüşə sevə-sevə qatılmışdı.
Azərbaycan Respublikasının himni ilə başlayan tədbir Elmira Süleymanovanın çıxışı ilə başladı. Elmira xanım Süleymanova bu gözəl yaz səhərində AQİM-nin iclas zalına toplaşan böyüklü-kiçikli hər kəsi salamladı, onların “Novruz”bayramını təbrik etməzdən öncə, bu gözəl aydın səmanı, əminamanlığı yurdumuza, xalqımıza bəxş edən Ulu Tanrıya minnətdarlıqla xatırlatdı. Bizim bir millət kimi başı uca gəzməyimizə səbəb olan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Heydər oğlu Əliyevə, eləcə də Azərbaycan  Milli Ordusu sıralarında xidmət göstərən şəxsi heyət başda olmaqla əsgər və zabitlərimizə, vətənin azadlığı uğrunda şirin canlarından keçən şəhidlərimizə, qazilərimizə hər kəsin adından minnətdarlığını bildirdi. E.Süleymanovanın təklifi ilə ümumən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu, onların adlarına müqəddəs kitabımız olan “Qurani-Kərim”dən Hacı Zəhra xanımın iştirakı ilə fatihə, ixlas, qədr və kovsər surələri əzbərdən oxunub, hədiyyə olundu. Qazilərimizə cansağlığı, firavan həyat arzulandı. Elmira Süleymanova  AQİM-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclər “Sülh” Şəbəkəsinin fəallarından  olan şəhid Davud Qurbanovu və Sübhan Abdurəhmanlını xarakterizə edib, onların şəbəkədəki fəaliyyəti,vətənpərvərlik, igidlik , zəfər dolu çox qısa və mənalı ömür tarixlərindən söz açdı. Bu arada Hacı Zəhra xanım Aybəniz xanımın Türkiyədən ona gətirdiyi “AYASOFYA” məscidinin görüntüsünü Elmira xanıma sevə-sevə hədiyyə etdi.
Çıxış üçün ilk söz, Azərbaycan Uşaq və Gənclər “Sülh” şəbəkəsinin üzvü, “SPACE” TV-nin və ATV-nin əməkdaşı olmuş şəhid Davud Qurbanovun anası və AQİM-nin üzvü Qənirə Qurbanovaya verildi. Qənirə xanım Davudun “Sülh” şəbəkəsindəki uğurlarından danışdı. Onun bir sülhsevər vətənpərvər kimi yetişməsində böyük əməyi olan Elmira xanımın zəhmətini yüksək dəyərləndirdi. ATV- nin operatoru olaraq, Davudun Cocuq Mərcanlıda ilk məktəb binasının açılışındakı çəkilişi zamanı  E.Süleymanova ilə son görüşməsini xatırlatdı. Eyni zamanda, şəhid anası ötən ay Davudun doğum günündə onun yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki binanın önündə şəhidin xatirəsini əbədiləşdirəcək baralyefin hazırlanmasına və yerləşdirilməsinə göstərdiyi diqqət-qayğısına görə bir daha Elmira xanıma təşəkkürünü bildirdi.  
Çıxış edənlərdən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru, tibb elmləri üzrə fəlsəfə doktoru, uzun illər ərzində Azərbaycan Gənclər və Uşaqlar “Sülh” şəbəkəsi ilə əməkdaşlıq edən  Mətanət Qaraxanova bildirdi ki, pondemiyadan öncə biz burada mütəmadi olaraq sağlamlıqla bağlı maarifləndirici seminarlar və tədbirlər həyata keçirirdik. Və arzu edirəm ki, həmin təlimlər yenə davam etsin. Bütün bunlara görə ölkəmizin birinci xanımı Mehriban Əliyevaya və hörmətli Elmira xanıma bu şəbəkənin yaradılması və yüksək fəaliyyətinə görə təşəkkürünü bildirən sözçü, özünün qələmə aldığı “Mərhəmətlə dolu aləm”adlı kitabını E.Süleymanovaya təqdim etdi. O, həm də qeyd etdi ki, bu kitabda tibb bacısı ixtisasının banisi Florens Naytingeyl, Nigar Şıxlinskayanın həyat və fəaliyyəti barədə və Azərbaycan QAC-nin 12 nəfər Florens Naytingeyl medalı ilə təltif olunan şəxslər barədə məlumatlar yer alıb.
Daha sonra AQİM-nin üzvü, “Yeniləşən Dövlətə Dəstək” İB-nin Milli-Mənəvi Dəyrlər üzrə sədr müavini, dil-ədəbiyyat müəllimi Cavadova Nuranə Hüseyn qızı çıxış etdi. O bildirdi ki, övladları Nuray Qurbanova və Əlisa Qurbanov AUG “Sülh” şəbəkəsinin üzvüləridirlər. Nuray dərs əlaçısı olmaqla yanaşı, həm də iki dəfə Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” Respublika müsabiqəsinin qalibidir. Övladlarımın vətənə layiqli bir vətəndaş kimi yetişməsində Elmira Süleymanovanın zəhməti çox böyükdür və mən ona borcluyam. E.Süleymanovanın rəhbərliyi ilə fəaliyyət göstərən liderlik məktəbinin üzvüləri kimi mənim övladlarım da gələcəyin lideri kimi yetişməkdədir. Onu da qeyd edim ki, övladlarım məktəbdə uşaqlara hərbi dərs deyən və 44 günlük vətən müharibəsində qələmi silaha, isti sinif otağını səngərə dəyişən şəhid  müəllim, baş leytenant Emil Qurbanovun qardaşı oğludur.
AQİM-nin fəal üzvü, şairə Svetlana (Yeganə) Zeynalova da öz çıxışında tarixi köklərimizə əsaslanaraq xoş təbriklərini, “Novruz” bayramına və Elmira xanıma həsr etdiyi “MEHRİBAN ANA” adlı şeirlərini oxudu. Həmin şeirdən Elmira xanımın simasını əks etdirən bu gözəl şeiri oxucularımıza təqdim etməyi özümə borc bildim:
Ehtiram, Ləyaqət, Məhəbbət, İman-
Rəmzdir Anaya- El  ANASINA!..
 
Onun mərhəməti sonsuz bir ümman-
Məhkumu qaytarar öz yuvasına!
Bağışlar, inanar, verərək aman,
Ucaldar, çevirər- SALEH İNSANA!
Dünyanın mötəbər kürsülərindən
Səsi eşidilir, sözü dinlənir!
Mehriban ananın tövsiyəsindən,
Azərbaycan xalqı daim yüksəlir-
Nəsillər ardınca, nəsillər gəlir!...
Jurnalist Elmira Nüsrətqızı Binəqədi rayonundakı 248 saylı məktəbin IV sinif şagirdi Məlahət Kərimzadənin yüksək səviyyəli fərdi yaradıcılıq sərgisindən, balaca istedadlı rəssam qızın həm dərs əlaçısı, həm şahmatçı, həm də  gözəl rəqs və fortopiano ifaçısı  kimi yüksək uğurlarından söz açdı. Təklif etdi ki, belə istedadlı uşaqlar bizim xoş gələcəyimizdir və Azərbaycan UGSŞ-nin üzvü olmağa layiqdir.  
AQİM-nin üzvü, “UĞUR” kursunun “Psixoloji Nitq İnkişafı Mərkəzi”nin yönləndiricisi Abbasova Elmira müəlliməyə söz verildi. O öz çıxışında Azərbaycan Uşaq  və Gənclər “Sülh” şəbəkəsinin üzvü olmuş, şəhid Davud Qurbanovun 299 saylı məktəbdə müəllimləri tərəfindən onun doğum gününə həsr olunan çox mükəmməl bir tədbirin hazırlanmasından və həmin tədbirdə Davuda dərs deyən müəllimlərinin çox yüksək fikirlərinin bildirilməsini heyranlıqla qeyd etdi.  Davudun  bilik və qeyri-adi bacarıqlarından, sakit görünməsinə baxmayaraq onun vətənpərvər bir övlad olması haqda yüksək fikirlər söyləyən müəllimləri Elza müəllimə, ibtidai sinif müəlliməsi Gülzadə xanım, Təlim-tərbiyə işləri üzrə direktor müavini Elyana xanım və başqalarını misal gətirdi. Davudun tək ailəsinə deyil, təhsil aldığı məktəbə də başucalığı gətirdiyini qeyd etdiklərini bildirdi.Çıxışının sonunda Elmira Abbasova təklif etdi ki, AQİM-nin rəhbəri  E.Süleymanovanın təşkilatçılığı ilə Azəbaycanımızın mədəniyyət beşiyi olan Şuşaya səfər edək.
Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın adını daşıyan nəvəsi gənc Gültəkin arzu etdi ki, Azərbaycan Uşaq və Gənclər “Sülh” şəbəkəsinin sıraları daha da artsın. Uşaq və yeniyetmələrimizin bilik və bacarıqları, Siz böyüklərdən aldıqları təlim və tərbiyə, təcrübələrlə daha da mükəmməl inkişaf etsin.Tədbir boyunca Azərbaycan Uşaq  və  Gənclər “Sülh” şəbəkəsinin üzvüləri, yeniyetmə və gənclərin ifasında Bahar  - Novruz bayramına  həsr olunan, yazın gəlişini vəsf edən şeirlər və mahnılar dinlənildi. Bayram tədbiri şirniyyat süfrəsi arxasında xoş ovqatla davam etdi.
Sonda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa olan təbriki oxundu və AQİM-nin fəxri prezidenti, professor Elmira Süleymanovanın təklifi və Pərvin xanımın rəhbərliyi ilə bütün iştirakçıların xorla “CƏNAB PREZİDENT – BİZ DƏ SİZİ TƏBRİK EDİRİK!”şüarı ilə sona çatdı.
AENPRESS.İNFO
Yaponiya səfirliyinin 2005-ci ildə təqdim etdiyi
“SÜLH SƏFİRİ”  mükafatlısı,
Elmira Nüsrət qızı AĞAYEVA










 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 164

Xəbər lenti