Rusiyada ərzaq kreditlə təklif olunur? – FOTO
(16-03-2022, 11:00)
Rusiyanın Ukraynadakı işğal siyasətinə cavab olaraq, ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların təsiri hər ötən gün artır.
Sanksiyalar nəticəsində Rusiyada çörəyin və bir çox ərzaq məhsullarının qiymətinin bahalaşdığı deyilir. Rusiyada fəaliyyət göstərən marketlər isə qiymət artımlarıyla mübarizə aparmaq üçün maraqlı üsullardan istifadə edirlər. Bu barədə sosial şəbəkələrdə paylaşılan bir görüntü cəmiyyət arasında maraqla və bir o qədər də təəccüblə qarşılanıb.
Rusiyadakı marketlərdən birində çəkildiyi iddia olunan fotoda çörəyin kreditlə təklif olunduğu ortaya çıxıb. Görüntüdə 400 qramlıq baton çörəyin 143,75 rubla (2,18 manat) və ya 12 aylıq kreditlə satıldığı əks olunub. Bu foto sosial şəbəkə istifadəçiləri arasında gülüş obyektinə çevrilib. Qeyd edək ki, sözügedən qiymət artımlarını Rusiyada İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin ekspertləridə təsdiq ediblər. Qurumun apardığı monitorinqlər zamanı xaricdən gətirilən çörək məhsullarının bəzi markalarının 1,2%-dən 8,3%-ə qədər bahalaşdığı ortaya çıxıb. Bu səbəbdən də hökumət bəzi məhsullara qiymət tənzimləməsi tətbiq etməyi planlaşdırır.