Polşanın MİQ-29-larla bağlı qərarı ABŞ-ı təəccübləndirib - Ukraynaya qırıcılar veriləcəkmi?
(9-03-2022, 14:30)

Polşanın özünün bütün MiQ-29 donanmasını Birləşmiş Ştatların ixtiyarına verməsi qərarı Vaşinqtonu təəccübləndirib.
"Reuters" agentliyininin yaydığı xəbərə görə, bunu martın 8-də Dövlət Departamentinin vəzifəcə 3 nömrəli diplomatı Viktoriya Nuland Senat dinləməsi zamanı deyib.
Xatırladaq ki bundan əvvəl Ukrayna Rusiya təcavüzünə qarşı daha effektli mübarizə aparmaq məqsədilə Avropa ölkələrindən döyüş təyyarələri istəmişdi.
Xanım Nuland Senatın Xarici Əlaqələr Komitəsindəki dinləmədə deyib: "Mənim məlumatıma görə onlar bu təyyarıələri bizə vermək barədə əvvəlcədən bizimlə məsləhətləşməyiblər. Mən bunu polyaklar tərəfindən təəccüblü addım hesab edirəm”.
"Reuters" yazır ki, bundan əvvəl Polşa özünün bütün sovet istehsalı MiQ-29 qırıcılarını Almaniyadakı Ramşteyn hərb-hava bazasına transfer edəcəyini bildirib və NATO üzvü olan başqa ölkələri də bu tip təyyarələri Birləşmiş Ştatların ixtiyarına verməyə çağırmışdı. Ukrayna pilotları məhz belə təyyarələrin idarə edilməsi üçün təlim keçiblər.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə Avropa ölkələrindən Rusiya istehsalı təyyarələri onun ölkəsinə verməyi xahiş etmişdi. ABŞ konqressmenləri də NATO üzvü olan ölkələrin sovet döyüş təyyarələrinin Ukraynaya transfer edilməsi üçün Bayden administrasiyasına təzyiq göstərirlər.
Bu məsələ ABŞ və Polşa administrasiyaları arasında müzakirə olunsa da, Ağ Ev bildirib ki, təyyarələrin Ukraynaya çatdırılmasının müəyyən logistika çətinlikləri var. Polşanın belə qəfil addımı ABŞ rəsmilərini prosesin hüquqi tərəfləri üzərində düşünməyə vadar edib.
Polşa NATO-ya təhvil verdiyi MiQ təyyarələrinin əvəzində ABŞ-dan işlənmiş F-16 qırıcılarının ona verilməsini istəyir. Polşa silah-sursatla Ukraynaya dəstək versə də, Kiyevə döyüş təyyarələrini verə bilməyəcyini demişdi.
Rusiya bildirib ki, NATO-nun Ukrayna səmasına hər hansı şəkildə müdaxiləsi blokla Rusiya arasında müharibə aktı kimi qiymətləndiriləcək.
Polşadan verilən açıqlamada qeyd olunur ki, Vaşinqton hazırda onun ərazisində "Patriot" raketlərinin yerləşdirilməsi məsələsinə baxır.