Rusiyada banklara valyuta satışı qadağan edildi - "Ölkədə "qara bazar" çiçəklənəcək"
(9-03-2022, 14:00)

Rusiyanın Mərkəzi Bankı vətəndaşların banklarda xarici valyutada olan vəsaitlərinin, o cümlədən əmanətlərinin verilməsinin yeni qaydasını təsdiq edib. 9 mart – 9 sentyabr tarixləri əhatə edəcək yeni qaydalara görə, müştəri hesabından nağd qaydada ən çoxu 10 min ABŞ dolları çıxara bilər.
Vəsaitin qalan hissəsini konkret tarixə bazar məzənnəsi ilə rublda çıxarmalıdır. Müştərinin əmanəti başqa valyutadadırsa, ona yenə də dollarla ödəniş ediləcək.
“Müvəqqəti rejimin qüvvədə olduğu müddətdə vətəndaşlara nağd valyuta satılmayacaq. Amma istənilən məbləğdə nağd valyutanı rubla dəyişmək mümkün olacaq.”, – məlumatda deyilir.
Qərarı şərh edən iqtisadçı Samir Əliyev bildirir ki, rəsmi məlumata görə, xarici valyutada olan hesabların 90%-də ümumi məbləğ 10 min dollardan çox deyil."Bu o deməkdir ki, məcburi qaydanın tələbləri ilə 10% bank müştərisi üzləşəcək. Rəqəmlər ilk baxışdan əhalinin xeyrinə görünə bilər. Problem ondadır ki, vəsaitlərin əsas hissəsi məhz 10% qrupuna məxsusdur",-iqtisadçı qeyd edib.
Ekspert xatırladır ki, bankların ən azı sentyabra qədər əhaliyə valyuta satması qadağan olunur, ancaq əhalidən valyuta alışına icazə verilir. Onun sözlərinə görə, bu qadağa faktiki olaraq Rusiyada "qara bazar"ın inkişafına təkan verəcək: "Bu arada Rusiyanın VTB Bankı Çin yuanı ilə əmanət qəbuluna başlayıb. 3-6 aylıq müddətinə cəlb edilən vəsait üçün bank illik 8% təklif edir. Bu, kifayət qədər yüksək faizdir. Yəqin ki, digər banklar da analoji addımı atacaqlar".
Ana səhifəyə qayıt
Oxunub: 85
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar