Alma-Atıda “Ukrayna uğrunda, Putin Rusiyasına qarşı” mitinqi keçirilib
(7-03-2022, 09:00)
Alma-Atıda 2 minə yaxın adam Ukraynanı dəstəkləyərək - «Putin Rusiyasına qarşı» mitinqə çıxıb. Hakimiyyət aksiyanın keçirilməsinə mane olmayıb.
Bu barədə kazdaq.kz saytı xəbər verib.
Anti-Rusiya toplantısı «Sarı-Arka» kinoteatrının arxasında keçirilib. Mitinq iştirakçıları arasında əsasən cavanlar olub. Toplaşanların böyük əksəriyyətinin əllərində Ukrayna bayraqları, mavi və sarı kürəciklər olub.
Mitinq Qazaxıstan himninin ifasıyla başlanıb, sonra iştirakçılar «Müharibəyə yox! Qəhrəmanlara eşq olsun!» şüarları səsləndiriblər. Səhnədə hər çıxış bu şüarlarla qurtarıb.
«Hər bir qazax, müharibənin əleyhinə, Putin Rusiyasının əleyhinə olan hər qazaxıstanlı burada olmalıdır. Bu - təkcə Ukrayna üçün yox, Avropa üçün yox, bütün dünya üçün dəhşətdir. Ona görə də hesab edirəm ki, hər qazaxıstanlının borcu Rusiyaya qarşı öz mövqeyini ifadə etməkdən, öz vətəndaşlıq borcunu yerinə yetirməkdən ibarət olmalıdır…» - qazaxıstanlı siyasətçi Ermurat Bani bəyan edib.