Rusiyada cəzalar sərtləşdirildi - Buna görə 3-15 il həbs cəzası veriləcək
(4-03-2022, 16:30)
Martın 4-də Dövlət Duması Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərəkətləri barədə saxta məlumatlara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu dörd oxunuşda qəbul edib. Bu qanun layihəsində uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.
Məhkəmə ordunun fəaliyyəti haqda qəsdən yalan məlumat verildiyini təsbit edərsə, buna görə cərimə, yaxud 3 ilədək həbs cəzası kəsilə bilər.
Bu zaman xidməti vəzifədən istifadə edilərsə, mənfəət güdülərsə, yaxud saxta dəlil düzəldilərsə, 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözlənir. Saxta informasiya ağır nəticələrə səbəb olarsa, 15 ilədək həbs cəzasının kəsilməsi mümkündür.
Qeyd edək ki, Rusiyada "Azadlıq" radiosunun çoxsaylı vebsaytları, BBC və "Deutsche Welle"in Rusiyadakı saytları, "Facebook", "Twitter" sosial şəbəkələri və Apple, Google tətbiq mağazaları bloklanıb. Bunu GlobalCheck veb monitorinqi qrupu və digər indikatorlara əsasən demək olar.
"Azadlıq" radiosu-nun Rusiya xidmətinin vebsaytına giriş əngəllənir. Radionun regional rusdilli Sever.realii və Sibir.realii vebsaytları, Şimali Qafqaz Xidmətinin Kavkaz.realii saytı da bloklanır. "Azadlıq" radiosunun "Amerikanın Səsi" (VOA) ilə birgə rusdilli layihəsi olan “Current Time” fevralın 28-dən bloklanıb, amma xidmət blokdan yayınmaq üçün metodları açıqlayıb.
Latviyada yerləşən rusdilli və ingilisdilli "Meduza" xəbər orqanı isə Rusiyadakı saytının bloka məruz qaldığını bildirib.
“Bunlar keçəcək. Biz işimizi davam etdirəcəyik”, – qurum əlavə edib.