RUSİYA XARKOVA DESANT ÇIXARIB - "Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər"
(2-03-2022, 14:00)
Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna döyüşçüləri onlarla döyüşə girib.
Ukrayna Ali Radasının teleqram kanalının məlumatına görə, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Rusiya desantları Xarkova enib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.
"Ukraynanın Operativ Silahlı Qüvvələri" teleqram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin yüzlərlə dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.
Bu arada ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlayır. Bunu ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı qarşısında çıxışında bəyan edib.
“Biz müttəfiqlərimizə qoşularaq ABŞ-ın hava məkanını Rusiya təyyarələrinin uçuşları üçün bağlayırıq”.
“The Wall Street Journal” nəşri isə yazır ki, qərar 24 saat ərzində qüvvəyə minəcək.