Moskva Bəyannaməsi Dövlətimizin suverenliyinə və təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən tarixi sənəddir
(26-02-2022, 14:41)

 
Ölkəmizin geosiyasi həyatında bu gün önəmli hadisələr baş verməkdədir. Xüsüsilə fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanması Azərbaycanın növbəti diplomatik qələbəsi və uğuru kimi qiymətləndirilir. Çünki, bununla Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri yeni inkişaf mərhələsinə keçir. Bu gün hər iki dövlət rəhbərlərinin arasında qarşılıqlı hörmət və etimad mövcuddur. Bu amil, eyni zamanda, hər iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə, yəni, müttəfiqlik Bəyannaməsinin imzalanmasına gətirib çıxarmışdır. Nəzərə almaq lazımdır ki, Rusiya təkcə bölgənin deyil, dünyanın ən nəhəng ölkələrindən, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.
Azərbaycan və Rusiya arasında çox sıx mədəni, humanitar və iqtisadi əlaqələr mövcuddur ki, bu əlaqələri də daha da genişləndirmək Moskvada imzalanmış bu mühüm tarixi sənəddə öz əksini tapır. Belə ki, Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni münasibətlər sisitemi yaratmışdır ki, burada da əsas tərəflər Azərbaycan, Türkiyə və Rusiyadır. Vətən müharibəsindəki Möhtəşəm Qələbəmizi siyasi-diplomatik cəbhədədə möhkəmləndirmək çox vacibdir. Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Rusiya əlaqələrini keyfiyyətcə yeni mərhələyə çıxarmaqla mövqelərimizi daha da gücləndirir və  BMT-nin Nizamnaməsinə, digər beynəlxalq sənədlərə, norma və prinsiplərə tam uyğun hazırlanmışdır.
     Bu tarixi sənədin hazırlıq prosesi üzün müddətdir ki, həyata keçirilirdi. Dövlət başçımız tərəfindən bunun anonsu artıq bir neçə dəfə verilmişdir. Bəyannamədə çox mühüm olan iqtisadi, ticarət, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlıq öz əksini tapmışdır. Dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, ölkələrin bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək kimi öhdəliklər götürülmüşdürki, bu da Moskva Bəyannaməsində nəzərdə tutulanən vacib məqamlardandır.
Xüsusi vurğulamaq lazımdır ki, Bəyannamədə hər iki ölkənin müstəqil siyasət yürütdüyü qeyd olunmuşdur. Eyni zamanda bu mühüm sənəddə 10 Noyabr 2020-ci il tarixli, 11 Yanvar 2021-ci iltarixlivə 26 Noyabr 2021-ci iltarixli Üç tərəfli birgə imzalanmış sənədlərdə öz əksini tapmışdır ki, bunu da Ermənistan üzərinə əlavə təsir forması kimi qiymətləndirmək olar. Yəni Ermənistan sadaladığım bu 3 sənədin maddələrinin icrasını sözsüz və təcili təmin etməlidir.
Çox təəssüf ki, bəzi maraqlı şəxslər və Azərbaycanın inkişafını görmək istəməyən, düşmən nəfinə fəaliyyət göstərən siyasi qruplaşmalar bu Bəyannamənin mahiyyətini bilərəkdən təhrif etməyə, bununla da çaşqınlıq yaratmağa çalışırlar. Onlar  riyakarcasına Moskva Bəyannaməsinin Azərbaycanın müstəqilliyinə təhdid olduğunu, milli-maraqlara uyğun gəlmədiyini deyərək yanlış rəy formalaşdırmağa çalışırlar. Bəyannamənin bütün bəndlərini oxuduqda bir daha əmin oluruq ki, bu qruplaşmalar Azərbaycanın növbəti diplomatik qələbəsini, dünyada artan nüfuzunu həzm edə bilmirlər. Moskva Bəyannaməsini oxuyan hər kəs açıq şəkildə görə bilər ki, bu sənəd Azərbaycanınmilli maraqlarına tam uyğun olmaqla, müstəqilliyimizi,dövlət suverenliyimizi və təhlükəsizliyimizi daha da möhkəmləndirir.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 239

Xəbər lenti