Lukaşenko qondarma qurumları niyə tanımır? - “Onun ritorikası Rusiyaya dəstək xarakteri daşısa da...”
(23-02-2022, 17:00)
Məlum olduğu kimi, Belarus Rusiyanın Ukraynadakı qondarma qurumları tanımasına birmənalı münasibət bildirməkdən yayınıb. Belə ki, rəsmi Minsk Rusiyanın qərarına “hörmətlə yanaşdığını” bəyan edərək, problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.
Lakin bəzi gözləniləntilərin əksinə olaraq, Putinin əsas müttəfiqi olan Aleksandr Lukaşenko qondarma “dnr” və “lnr”-i tanıdığını bəyan etməyib.
“AzPolitika.info” xəbər verir ki, Belarus Prezidentinin mümkün addımlarının müzakirə olunduğu Rusiyanın “Dojd” telekanalında Lukaşenkonun gözləmə mövqeyində durduğu qeyd edilib.
Avropa Siyasətinin Təhlili Mərkəzinin rəhbəri, politoloq Yekaterina Qlod bununla bağlı açıqlamasında deyib ki, Lukaşenko qondarma qurumları tanımaqdan mümkün qədər yayınacaq: “Lukaşenkonun ritorikası Rusiyaya dəstək xarakteri daşısa da, o, “dnr” və “lnr”-i tanımaq barədə bəyanat verməyib və sona qədər də bundan yayınmağa çalışacaq. Ona görə ki, bu gün başlıca məsələ Qərbin sanksiyalarıdır və Belarus onlardan çox qorxur. Məlum məsələdir ki, Belarus Rusiya ilə birgə Ukraynaya təcavüzdə iştirak etsə, dərhal sərt sanksiyalarla üz-üzə qalacaq. Ona görə də Kreml ciddi təzyiq göstərənə qədər bu “respublikalar”ı tanımayacaq.
Təzyiq olacağı təqdirdə isə Lukaşenko onu gözləyən itkilərlə bağlı Putinə hesab təqdim edəcək. Digər yandan Ukrayna Belarus üçün Rusiyadan sonra ən böyük ticarət tərəfdaşıdır. Onun Ukraynaya eksportu 4.5 milyar dollar təşkil edir. Ona görə də Lukaşenko üçün Ukrayna ilə münasibətlərə son qoymaq çətindir”.