“Çörəkdən imtina edin, ət yeyin!” - DİETOLOQ
(21-01-2022, 16:00)

Son günlər çörəyin qiymətinin bahalaşması ictimaiyyət arasında müxtəlif fikirlərlə şərh olunur. Sosial şəbəkələrdə aparılan müzakirələrdən məlum olur ki, bir çox insanlar çörəkdən mütləq şəkildə istifadə edilməli olduğunu düşünür. Bununla belə qiyməti 65 qəpik olan çörəyin insan orqanizmi üçün zərərli olduğunu hesab edənlər də az deyil. Eyni zamanda bu fikirlər ət məhsulları üçün də söylənilir. Bildirilir ki, un məmulatları ilə yanaşı ətdən hazırlanan qidalardan da imtina etmək lazımdır.
Bəs, ət və çörəksiz yaşamaq mümkündürmü? Bu məhsullar olmadan necə qidalana bilərik?
Dietoloq Şəfa Yadigarova bildirib ki, insanlar qidalanmaq barədə düşünərkən, ilk növbədə “qızıl ortanı” tutmağı bacarmalıdırlar. Onun fikrincə, istənilən qidadan ifrat dərəcədə istifadə olduqca ziyanlıdır.
“Ağ çörək rafinə olunmuş çörəkdir, onun tərkibindəki faydalı maddələr təmizlənmiş olur. Çörəyin içində faydalı heç nə qalmır. Qiymətə görə yox, ümumiyyətlə, çörəkdən imtina etsələr, daha yaxşı olar. Hansı ki, tərkibində minerallar, vitaminlər olan tam buğdalı çörəklər nadir hallarda var. Onu da hər mağazada tapmaq olmur”.
Ş.Yadigarovanın sözlərinə görə, çörəkdən fərqli olaraq, ətdən istifadə etmək məsləhətdir:
“Ət hər orqanizm üçün yox, inkişaf edən orqanizm üçün çox vacibdir. Uşaqlar, yeniyetmələr mütləq şəkildə bu qidadan istifadə etməlidirlər. Çünki ətin tərkibində bir çox əvəzolunmaz amin turşuları var ki, onlar çox faydalıdır. Ət özü dəmir daşıyıcısıdır, əgər insanlar uzun müddət ondan istifadə etməsələr, dəmir çatışmazlığından əziyyət çəkərlər. Bu da əsasən yeniyetmə və kiçik yaşlı uşaqlarda daha çox özünü büruzə verir və fəsadlar törədir. Hər şeyin qızıl ortalaması olmalıdır, istər çörəkdə, istərsə də ət məhsullarında. Tam buğdalı çörək daha faydalıdır. Ən azı həftədə iki dəfə uşaqlar və yeniyetmələr üçün qırmızı ət istifadə olunmalıdır”.