Böyük Quruluş Partiyasının Vətən Müharibəsində Zəfərin birinci ildönümü ilə bağlı Bəyanatı
(8-11-2021, 12:42)

Noyabrın 8-də Dağlıq Qarabağ və ətraf ərazilərdə ölkəmizin erməni faşizmi üzərində qazandığı tarixi qələbənin birinci ildönümü tamam olur. Xalqımız son əsrlərdəki tarixinin ən şərəfli və möhtəşəm günlərindən birini – təxminən 30 illik barbar erməni işğalından həsərtlə gözlədiyimiz qurtuluşun-Zəfər Gününün birinci ildönümünü qeyd edir. Dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən Müharibəsi mənz bu tarixdə - 2020-ci ilin 8 noyabrında Azərbaycan Silahlı Qüvvələrinin misilisiz şücaət və qəhrəmanlığı nəticəsində Şuşa şəhərinin düşməndən azad edilməsi və Ermənistan tərəfinin hərbi məğlubiyyəti qəbul edərək, noyabrın 10-da qalib tərəf kimi Azərbaycanın şərtləri ilə razılaşaraq kapitulyasiya sənədini imzalaması ilə başa çatdı.
Tariximizin ən böyük hadisəsi olan bu zəfər Azərbaycan naminə, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu və möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır.
Xalqımıza bu zəfərin yaşadılması bir sıra mühüm amillərin bir arada cəmləşməsi ilə mümkün olmuşdur. Azərbaycan Respublikasında güclü iqtisadiyyatın mövcudluğu, ölkənin müdafiə qüdrətinin artırılması, Ordu quruculuğu sahəsində həyata keçirilmiş islahatlar, şəxsi heyət arasında hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması və modernləşdirilməsi,hərbi büdcə xərclərinin durmadan artırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması, hərbi silah və sursatların hazırlanması məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, qlobal və regional miqyasda etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması bu zəfərin gerçəkləşməsinin mühüm şərtlərindən idilər.
"Bir millət - iki dövlət” formulu ilə möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin qazanılmasında həlledici amillərindən oldu.
ölkədə yaranmış milli həmrəylik, siyasi partiyaların vahid mövqe nümayiş etdirməsi də Böyük Zəfərin təmin edilməsində mühüm əhməiyyət kəsb etdi. Vətən müharibəsi zamanı Böyük Quruluş Partiyası da daxil olmaqla ölkədə fəaliyyət göstərən siyasi partiyalar ölkə rəhbərliyinə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalamaqla ümummilli məsələlərdə hər hansı fikir ayrılığının olmadığını dəfələrlə nümayiş etdirdi.
Ali Baş Komandan kimi ölkə rəhbəri İlham Əliyevin həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində xüsusi bacarıq və qətiyyət nümayiş etdirməsi də xüsusi qeyd edilməli məqamdır.
- Vətən müharibəsində qazanılmış hərbi-siyasi Zəfərdən sonra dünya erməniliyinin uydurduğu böyük Ermənistan mifi darmadağın edildi.
- Vaxtilə radikal-millətçi bolşeviklərin məkrli diktəsi ilə yaradılmış muxtariyyət statusu da tarixin zibilliyinə atıldı.
- Əldə edilən tarixi zəfər nəticəsində Azərbaycanın itirilmiş torpaqlarının böyük bir hissəsi işğalçılardan təmizləndi;
- Ərazi bütövlüyümüz böyük ölçüdə bərpa edildi;
- Azərbaycan xalqının əyilmiş qəddi düzəldi, qüruru yenidən özünə qaytarıldı.
- BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələri Azərbaycan təkbaşına həyata keçirdi.
- Dünyaya erməni uydurmalarının və erməni faşizminin əsl mahiyyəti böyük ölçüdə çatdırılmış oldu
- Qəhrəman Ordumuzun hərbi bacarıqları, imkanları və misilsiz qəhrəmanlıqları dünyaya nümayiş etdirildi.
- Ölkədə ümumxalq həmrəyliik və milli birlik möhkəmləndi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə heyrətamiz dərəcədə sürətli abadlıq-quruculuq işləri aparılır, kənd, qəsəbə və şəhərlərimiz, tarixi, dini və mədəni abidələrimiz bərpa edilir. Həmin ərazilərdə müasir yol infrastrukturunun yaradılması, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının inşası və digər addımlar uzun illərdir öz evlərindən didərgin salınan, hüquqları pozulan yüz minlərlə azərbaycanlının öz doğma yurdıarına dönməsinin – Böyük Qayıdışın qısa zamanda və ən yüksək səviyyədə həyata keçirilməsinə geniş imkanlar yaradır. Ümid edirik ki, müasir bərpa-quruculuq konsepsiyaları əsasında reallaşdırılan layihələr, görülən işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına gətirib çıxaracaq.
Böyük Quruluş Partiyası olaraq, bir daha bu qələbənin əldə edilməsində misilsiz rəşadət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canlarını torpaqlarımızın azad edilməsi üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onları Vətənə bəxş edən ata-anaları bu Zəfər günündə böyük minnətdarlıq və hörmət hissiylə yada salır, Vətən və Millət üçün ömrünü sərf edənlərin xatirəsinin hər zaman əziz tutulacağına inanırıq.
Böyük Quruluş Partiyası eyni zamanda dünya ölkələrini və beynəlxalq təşkilatları bundan sonra regionda yaranmış yeni reallığı birmənalı olaraq qəbul etməklə sabitliyin və dayanıqlı sülhün təmin edilib sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasına yardımçı olmağa çağırır.
Ana səhifəyə qayıt
Oxunub: 77
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər