“Erməni ideoloqlar fitnəkarlıqla fars və türkdilli millətləri qarşı-qarşıya qoymağa cəhd ediblər...”
(19-10-2021, 14:40)

“Onlar müsəlmanlar-türklərə qarşı törətdikləri bəşəri cinayətdən cəzasız qurtarmaq üçün iranlılardan yararlanmaq istəyir, «iki müsəlman ölkəsi olan Türkiyə ilə İranı qarşı-qarşıya qoymağa çalışır...”
“Obyektivlik naminə qeyd edək ki, İranda müsəlman-türk həmrəyliyinə diqqət yetirən dərin düşüncəli xadimlər də olmuşdur...”
BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əzizin “İranın erməni sevgisi” adlı araşdırma məqaləsini oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: //moderator.az/arasdirma/398116/iran-yalniz-indi-deyil-xalq-cumhuriyyeti-zamani-da-bize-qarsi-bele-mvqe-tutub/)
"....M.B.Məmmədzadə erməni rəhbərlərinin tarixi təhrif edərkən yol verdikləri səhvləri onların öz yazıları vasitəsilə ifşa edir. Erməni ideoloqları və yazarları bildirirlər ki, ermənilərin İrana, “sədaqət və fədakarlıqla” xidmət etmələrininın əvəzində İran hökuməti də onlara nəinki daxildə imtiyazlar, güzəştlər vermiş, hətta erməniləri xaricdə də himayə etmiş, bacardığı qədər müdafiə etmişdir. Ermənilər həmişə onları himayə edən, maddi və mənəvi dəstək verən,bu səbəbdən nökər kimi qulluq etdikləri ağalara – ingilis və ruslara da lazım gələndə, işlərinə yarayanda arxa çevirməyi bacarmışlar. Etdikləri qırğınların, yandırdığı evlərin, məhv etdikləri mədəniyyət ocaqlarının başqası tərəfindən həyata keçirildiyini söyləməkdə «mahir» olan «yalançı, fitnəkar Erməni rəhbərlərinin» fikirlərini ifadə edən «Droşaq» iddia edirdi ki, guya «1894-1896-cı illərdə Van və Ərzurum vilayətlərində ermənilər qətliam edilərkən dost rus konsulları erməni mühacirlərini osmanlı cəlladlarına təslim edərkən ingilis konsulu erməniləri türk torpaqlarına hədəf etdirdiyi zaman qardaş İran millətinin konsulları idi ki, erməni millətinin mühafizəsini və erməni bədbəxtlərinin qətliamdan xilasını düşünürdülər» (1, 14). Onlar iddia edirdilər ki, hətta 1914-1915-ci illərdə alman və ABŞ konsullarından daha çox İran konsulları erməni millətini himayə etmişdi...
Obyektivlik naminə qeyd edək ki, İranda müsəlman, türk həmrəyliyinə diqqət yetirən dərin düşüncəli xadimlər də olmuşdur. Məhz bu fikirdə olanların əməyi sayəsində 1918-ci ilin martında ermənilərin və bolşeviklərin qətlə yetirdikləri müsəlmanların cəsədlərinin, yandırdıqları evlərin, dağıtdıqları məscidlərin yanında müsəlmanlara –türklərə köməyə gəlmiş İran konsulunun çəkilmiş şəkilləri var. (6,34-36,38,40-41).
Erməniləri idarə edənlərin iddialarına görə, İranın ermənilərə köməyi siyasi fikirlərdən irəli gəlməyib «qardaşlıq və qandaşlıqdan» doğmuşdu. Guya məhz bu qandaşlığın nəticəsi imiş ki, İran Gürcüstan və Azərbaycan respublikalarından əvvəl Ermənistanın müstəqilliyini tanımış, İrəvana səfir təyin etmişdi...
Bütün bu «səmimi, dostluq və qardaşlıq» haqqında riya dolu sözlərdən, belə demək mümkünsə, hazırlıqdan sonra onlar əsil məqsədlərini açmağa başlayır. «Droşaq» qəzetinin yazdığına görə, ermənilərlə İran arasında səmimi əlaqələr irq və qardaşlıqdan da çox «…bu iki milliyyəti birləşdirən, tarixlərini müştərək bir şəklə salan həqiqi mənafe olmuşdur» (1, 14).
M.B.Məmmədzadə bu iki millətin birləşdirən ümumi mənafeləri «Droşaq»dakı yazılar əsasında geniş təhlil etmişdir. Ermənilərin regionunun iki böyük dövlətin, millətini qarşı-qarşıya qoymaq niyyəti «Droşaq»da açıq şəkildə verilmişdir. «Bu iki milləti daima bir xarici düşmən təhdid etmişdir. Müştərək və ümumi bir düşmən bu iki millətin həyat işığını keçirməyə səy etmiş və bununla bu iki milləti birləşdirmişdir. Bu düşmən də türk milllətidir» (1, 14-15)...
Göründüyü kimi, ermənilər «panariyanizm», «paniranizm» haqqında “yüksək” fikirlərdən, bunlara daxil olan millətlərin «səmimi və etibarlı dostluğundan», bunu doğuran şərtlərdən sonra bu millətlərin guya gələcəkdə «xoşbəxt» yaşamasına mane olan amilləri, türk millətini və onların birliyini düşmən obrazındı göstərmişdir...
Ermənilərin sərsəm iddialarına görə, iki dünya, iki mədəniyyət mövcud olmuşdur. Onlardan biri, guya mədəniyyət beşiyi olan və hələ də bu mövqeyi qoruyub saxlayan erməni və İran dünyasının mədəniyyəti, «…digəri də vəhşi, mədəniyyət düşmənliyini və barbarlığı təmsil edən türk dünyası» (1, 15).
Erməni ideoloqları iddia edir ki, bir-birindən fərqli bu iki dünya, mədəniyyət, dünyagörüşü arasındakı dərin uçurum ziddiyyətlərin artmasına və sonda «İran-Turan» müharibələrinə gətirib çıxarmışdır. Bu müharibələri Hörmüz ilə Əhriman arasındakı mübarizə ilə müqayisə edən ermənilər utanmadan, həya etmədən iddia edirlər ki, «…türklər daima qaranlığı, barbarlığı, iranilərlə ermənilər isə azadlıq və mədəniyyəti təmsil edirlərmiş» (1, 15).
Bütün bunlardan sonra «Droşaq» oxucularına «bu müharibə bitmişdirmi?» deyə bir sual ünvanlayır və özü də «xeyir, indi də davam edir» deyə cavab verir. Farsları və etnik baxımdan onlara yaxın olan digər millətləri öz tərəflərinə çəkmək üçün ermənilərin növbəti yalanına elmi don geyindirməyə çalışıb bildirilər ki, «Türklər İranın Xorasan, Mazandaran və Azərbaycanını, Anadolu və Ermənistanı istila etmiş, ariyan qövmünün vətənlərinə sahib olmuşlardır və bu istila fars və s. ariyan millətlərinin əsrlərlə mədəniyyətdən geri qalmalarına səbəb olmuşdur»(1,16)...
Ermənilər göstərirlər ki, fars ilə erməninin müştərək bir düşməni vardır ki, bu da türklərdir. Bu millətlərin sağ qalmaq üçün qarşılarında bir vəzifəsi vardır. Bu da onları məhv etmək olmalıdır. M.B.Məmmədzadə çox böyük peşəkarlıqla ermənilərin öz yazdıqları əsasında türklərə qarşı həyata keçirdiyi soyqırıma necə ideoloji don geyindirməyə çalışdıqlarını açıb göstərə bilmişdi. İnsanlar arasında fitnəkarlıq, şübhə toxumu səpməkdə, onları qarşı-qarşıya qoymaqda mahir olan ermənilər növbəti yalan, olmayan bir layihə haqqında danışaraq göstərirlər ki, «türklər Türkiyə ilə Azərbaycanın, İstanbul ilə Təbriz və Bakının birləşməsinə mane olan ermənilər ilə kürdləri aradan qaldırmaq planını tətbiq edirmişlər»(1,16-17)...
Onların iddialarına görə, guya türklər bununla kifayələnməyib gələcəkdə Azərbaycanla birləşib Zəncana qədər İran Azərbaycanına sahib olmaq üçün də plan hazırlayaraq onu reallaşdırmaq istəyir. Bu siyasəti yerinə yetirərkən guya Türkiyə türkləri kimi Azərbaycan türkləri də “eyni metodla fars millətinə mənsub kürd, tat və talışları türk olaraq göstərir, onların milli şüurdan məhrumiyyətlərindən sui-istifadə, azərbaycanlılar dəxi fars ünsürlərini türkləşdirmişdilər. Mümkün imiş ki, türklər İran içərisindəki digər fars qövmlərinə dəxi təsir edərək iranilik vəhdətini pozsunlar” (1,17).
Ermənilər adımı sənə qoyum, səni də yana-yana prinsipinə ustalıqla əməl edərək Güney Azərbaycanda müsəlman türk əhalisinə qarşı törətdikləri vəhşilikləri, soyqırımı ört-basdır etməyə cəhd edərək yazırdılar ki, «…bu məqsədlə də türklər Xoy, Maku ətrafının ermənilərini qətliam ilə aradan qaldırmaq istəmişlərmiş»(1, 17).
Ermənilər əsil məqsədlərindən birini bundan sonra açır. Maraqlıdır ki, bununla türklərə qarşı soyqırımı həyata keçirdiklərini faktiki etiraf etmiş olurlar. Digər tərəfdən, guya bütün türklər birləşərək İran irqinə daxil olan millətlərə, o cümlədən ermənilərə qarşı belə siyasət həyata keçirmək istədikləri üçün bu millətlər birləşməyə, qabaqlayıcı tədbirlər görməyə məcburdur. Bu səbəbdən erməni ideoloqları uydurduqları «…xəyali təhlükələrə qarşı təklif edir ki, «necə ki, ariyan millətinin qaniçici düşmənləri çalışırlarsa, biz də o vasitə ilə müxtəlif ariyan irq və millətlərin ittihad və ittifaqını vücuda gətirməli və bu yol ilə turanlıların əməliyyatını nəticəsiz buraxmalıyıq» (1, 17).
Özlərinə regionda arxa axtaran ermənilər müsəlmanlar-türklərə qarşı törətdikləri bəşəri cinayətdən cəzasız qurtarmaq üçün iranlılardan yararlanmaq istəyir, «iki müsəlman ölkəsi olan Türkiyə ilə İranı qarşı-qarşıya qoymağa çalışır. Ankara turanizmin mənbəyi və mərkəzi olduğu kimi Tehran və ya İsfahan da ariyan nəslinin qardaşlıq və ittihad mənşəyi, iranizmin mərkəzi olmalıdır. Türk dövləti qüvvətli isə gərək maddi, gərək mənəvi nöqteyi-nəzərindən İran dəxi qüvvətli ola bilər. Osmanlı torpağı geniş isə İran dəxi onun üç misli böyük ola bilər» (1, 17)...
Ermənilər bu məkrli hiyləgər məqsədlərini reallaşdırmaq üçün İran irqinə daxil olan millətlərin «Ariyan ocağı» və «Ariyan mərkəzi» təşkil etmələrini təklif edir. «Məhz bu mərkəz və ocaq ətrafında nəcib fars və iranilər, cəngavər və açıqgöz ermənilər, əfqan və hindistanlılar və tamam ariyan irqindən millətlər toplanmalı və birləşməlidirlər. Turanizmin ətraf və içərisində bu surətlə ariyanzim ocaqları vücuda gətirməliyik» (1, 18).
Beləliklə, M.B. Məmmədzadənin ermənilərin iç üzünü ifşa edən bu dəyərli əsərin təhlilindən aşağıdakı nəticələr hasil olur:
1. Ermənilər Güney Qafqazda – o cümlədən Şimali, Qərbi Azərbaycanda, həmçinin indi İranda yerləşən Cənubi Azərbaycanda yaşayan müsəlman-türk əhalisinə qarşı soyqırım həyata keçirdiyini etiraf etmişlər. M.B.Məmmədzadə bu etirafı ermənilərin öz yazıları əsasında üzə çıxardığı üçün «Ermənilər və İran» əsəri olduqca qiymətli mənbə hesab olunmalıdır.
2. Böyük dövlətlərin köməyi ilə müsəlman-türk əhalisinə qarşı soyqırım törədən ermənilər istifadə edildikdən, işlərini yerinə yetirdikdən sonra himayədən məhrum olduğu üçün regionun digər nüfuzlu müsəlman dövləti İranın ağuşuna atılmaqla cəzadan canını qurtarmaq niyyətində olmuşdur.
3. Bu məqsədlə onlar hiyləgərliklə «paniranizm» və ya «panariyanizm» nəzəriyyəsindən bəhrələnmək niyyətində olmuşdur.
4. Erməni ideoloqları hiyləgərlik və fitnəkarlıqla İran və Türkiyə dövlətlərini, fars və türk dilli millətləri qarşı-qarşıya qoymağa, aralarında dərin nifrət hissi aşılamağa, uçurum yaratmağa cəhd etmişlər.
5. Erməni millətçilərinin özlərinə məxsus hiyləgərliklə apardıqları təxribatçı təbliğatın kökündə İranı istəmək deyil, Panariyanizm bayrağı altında sərsəm Böyük Ermənistan işinə İranı da cəlb etmək niyyəti dayanmışdı.
6. Beləliklə, türklərə qarşı soyqırım törətdiklərini etiraf edən erməni rəhbərləri, ideoloqları bu cinayətlərinə, vəhşiliklərinə haqq qazandırmaq üçün təcavüzçü, təxribatçı mahiyyətli ideoloji “əsas”lar işləyib hazırlamışlar.
7. İranın erməni sevgisi və onlara himayədarlığı təsadüfi olmayıb düşünülmüş məkrli siyasətin nəticəsidir.
8. İranın belə hərəkətləri, onların müsəlman həmrəyliyi, şiələrin himayədarı olmaları haqqındakı sözləri təbliğat xarakterli olub əsl məqsədlərini gizlətməkdən, siyasi məqsədlərini pərdələməkdən başqa bir şey deyil..."
Boran Əziz, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
İstifadə olunmuş ədəbiyyat:
1. Məmmədzadə M.B. Ermənilər və İran. B., 1993, Azərnəşr, 42 s.
2. Aziz. B. Mart faciasından Hocalıya Azerbaycanda ermenilerin türk soykırımı. İstanbul, 2013, İQ Kültür sanat yayıncılıq. 263 s.
3. Əziz B. Azərbaycan-Ermənistan münasibətləri tarixi. B., 2010, Səda, 263 s.
4. Azərbaycan xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə, I cild, B.. 2004, Lider, 440 s.
5. Onullahi S. Erməni millətçiləri və İran. Bakı: Maarif, ABU, 2002, 92 s.
6. Rüstemova –T.S.A. 1918. Azerbaycanlılara yapılan katlilamlar fotoqraf ve belgelerle (rusca, ingiliscə və türkcə). B.: Kismet, 2012, 208s.
7. Aziz B. Turkish massacre realized by the Armenians in Azerbaijan in XX century (1918-1992), Bochum, 2015, 255 p.
8. Əziz B.Güney Azərbaycanda ermənilərin törətdiyi türk soyqırımının ideoloji əsaslarının ifşası M.B.Məmmədzadənin əsərində.31Mart-Tariximizin faciəli səhifəsi.Beynəlxalq konfransın materialları.B.,2019,s.185-200.
Ana səhifəyə qayıt
Oxunub: 67
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər