Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqust ayının 16-da Kəlbəcər və Laçın rayonlarına səfər ediblər
(19-08-2021, 21:30)

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub. Səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir.
Prezident cənab İlham Əliyev Qarabağa yaxın rayonlara səfərləri zamanı da azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət edir, müvafiq göstərişlər verir. Daşkəsənə və Goranboya son səfərləri zamanı Prezident İlham Əliyev Kəlbəcərə yolu asanlaşdıracaq layihələr barədə də məlumat vermişdi.
Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi.
Prezident cənab İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Ölkə rəhbəri səfər zamanı İstisu sanatoriyasının mövcud durumu ilə də tanış olub.  İndi “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir.
Prezident cənab İlham Əliyev qeyd edib ki, Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir. Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək üçün yol çəkirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi və bu da hərbi cinayət sayılır. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə etmişdir. Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsi də qanunsuz idi. Azərbaycan buna zamanında etiraz etmişdir. İndi həmin yoldan Azərbaycan tərəfi istifadə edir. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ona görə bu yolu da hərbi qənimət saymaq olar. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq.  Azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı tədricən təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.
Dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, gələcək nəsillər bunu bilsinlər, o cümlədən erməni vəhşiliyini unutmasınlar.
Türkiyədə indiyədək vaxtilə Osmanlı dövlətinin tərkibində olmuş ərazilərin yalnız türkcə toponimlərindən istifadə edilir. Amma nədənsə bizdə xüsusi hallar istisna edilməklə KİV-lər bu məsələdə həssaslıq göstərmir, tarixi torpaqlarımızın adlarını erməni, rus, gürcü və ya fars toponimləri ilə verirlər. Bu etinasızlığa Prezident İlham Əliyev etiraz etdi: “İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”.
Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Prezident cənab İlham Əliyev çıxışlarında “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərdən tez-tez istifadə edir, bu toponimlərin populyarlaşdırılması Azərbaycanın ictimai fəallarının, elm və media işçilərinin vəzifəsidir.
 
 
Rəşad Zülfüqarov,
Göygöl şəhər 1 nömrəli tam orta məktəbin direktoru 
 шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 176

Xəbər lenti