Teatrşünas: “Təcili həllini gözləyən çox ciddi problemlərimiz var”
(9-08-2021, 16:30)


Teatrşünas: “Təcili həllini gözləyən çox ciddi problemlərimiz var”
Elçin Cəfərov: “Yetər ki, “refreş” əməliyyatlarına beyindən, düşüncədən və yanaşmadan başlanılsın”
 
2 ilə yaxındır ki, pandemiyadan dolayı teatrlarımız fəaliyyətini dayandırıb. Bu müddətdə özünü səhnəsiz təsəvvür etməyən sənətkarlarımız ümiddən, həvəsdən, hətta gücdən belə düşdülər desək yanılmarıq. Bəs görəsən yeni teatr mövsümündə vəziyyət necə olacaq?
 
Mövzu ilə bağlı Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov danışdı: 
 
“Artıq il yarımdır ki, teatrlarımızın qapıları tamaşaçıların üzünə bağlıdır. Pandemiya başlayandan bəri süni nəfəs aparatına qoşulmuş teatrlarımız boğulur, özünü gücsüz və gərəksiz hiss edir. Buna görə də, növbəti mövsüm üçün gözləntilərimizdən biri, heç şübhəsiz, teatrların ənənəvi qaydada fəaliyyətinin bərpasıdır. Ancaq düşünürəm ki, bundan da vacib məsələlər var. Sadəcə, mövcud vəziyyətə bir az sferik baxmaq lazımdır. 
 
Axı, pandemiyadan əvvəl də Azərbaycan teatrında “gül-gülü, gül də bülbülü çağırmırdı”. Uzun illər boyu teatr sənətimiz kompleks problemlərin içində çabalayır. Pandemiya isə, bir növ, proseslərin gerçək mahiyyətini aşkara çıxaran lakmus kağızı rolunu oynadı. Hər kəsə əyan oldu ki, təcili həllini gözləyən çox ciddi problemlərimiz var. Bu mənada, rakursumuzu dəyişsək, pandemiyaya teatrın yenilənməsi üçün tarixi imkan kimi də baxmaq mümkündür. Tarixə nəzər salsaq, görərik ki, teatr sənətində, az qala, bütün inqilabi yeniliklər tarixi, siyasi, iqtisadi sosial və mənəvi böhranlar zamanı baş verib. Pandemiya mövcud problemləri çılpaqlığı ilə ortaya çıxardı, düşünüb-daşınmaq, sənətə münasibətimizi dəyişmək və yenilənmək üçün vaxt və imkan verdi. Bu gün teatrda “məmə yeyəndən pəpə deyənə” hamı başa düşür ki, “bir çarə var ancaq, yeniləşmək”. Azərbaycan teatrı idarəetmə modelindən, iqtisadi imkanlarından tutmuş təbliğat üsullarına qədər yenilənməli, günün tələblərinə cavab verməlidir. Və bunun üçün tarixi şərait yaranıb. Yetər ki, “refreş” əməliyyatlarına beyindən, düşüncədən və yanaşmadan başlanılsın”. 
 
E. Cəfərov teatrın öləcəyi haqqında nekrofil düşüncələrə və pessimist proqnozlara inanmadığını vurğuladı: “Əksinə, ünsiyyətsizliyin ən pik həddə çatdığı pandemiya dönəmindən sonra teatr canlı ünsiyyət imkanı kimi ikiqat dəyər qazana bilər. Hər halda, yaşayarıq, görərik”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 66

Xəbər lenti