"Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur" – Turani Əliyev
(3-08-2021, 12:44)

Ötən il (2020-ci il) keçirilən parlament seçkiləri ölkədəki siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə və ümumilikdə, demokratik sistemin daha da güclənməsinə töhfə vermiş oldu.
Parlament seçkilərində indiyədək qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə apardı ki, bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisi idi. Bu seçkilər həm də əvvəlki seçkilərlə müqayisədə qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiyanın təmsil olunması kimi məqamlarla əlamətdar oldu. Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənildi. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatıldı. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq etdilər. Tək sözlə, 2020-ci ildə keçirilən parlament seçkiləri Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi kimi tarixə düşdü. Ölkəmizdə Parlamentin 5 il müddətinə seçildiyini nəzərə alsaq, 2020-ci il fevralın 9-da keçirilən seçkilərin nəticəsi olaraq formalaşan parlamentin səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatacaq. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsində isə birmənalı olaraq göstərilib ki, Milli Məclisin hər çağırışının seçkiləri 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu isə o deməkdir ki, 2025-ci ildə parlamentin səlahiyyətləri fevral ayında bitir, növbəti parlament seçkiləri isə konstitusiyaya müvafiq olaraq təxminən 9 ay sonra, noyabr ayında keçirilməlidir. Yuxarıda qeyd etdiyim uğurlu seçki islahatlarını nəzərə alaraq, qeyd etmək istəyirəm ki, hazırda ölkə Konstitusiyasına hər hansı bir dəyişiklik etməyə, bununla bağlı heç bir müzakirəyə ehtiyac yoxdur. Milli Məclis öz fəaliyyəti daxilində səlahiyyətini dövlət başçısının tövsiyələrinə uyğun olaraq yüksək səviyyədə icra edir. Əfsuslar olsun ki, bu gün illərin sınağından çıxmış, cəmiyyətdə yüksək səviyyədə, sözünün sanbalı ilə yetərincə sayılıb-seçilən bir neçə ziyalımız da əsassız çağırışlarla kütləvi informasiya vasitələrində çağırış etməklə cəmiyyət arasında çaşqınlıq yaradırlar. Bir daha qeyd edirəm, bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə həm ziyalıları, həm də kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların tirajlanmasına yol verməməyə çağırıram.

Turani Əliyev,
YAP Göygöl təşkilatının sədri
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 376

Xəbər lenti