Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb
(30-06-2021, 09:49)

 Görüş zamanı ölkə rəhbəri tədbir iştirakçılarını salamlayaraq Vətən Müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra qeyd edilib ki, Şəhidlərimizin qisası döyüş meydanında alınıb. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi.
Əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.
Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz.
Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Düşmənçilik Ermənistana çox baha başa gəldi. 30 il ərzində Ermənistanda müstəqil dövlət qura bilmədilər və indi onlar xarici dairələrdən və xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı və ədalət özünü göstərdi.
Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülmüşdü. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər.
Ölkənin iqtisadi potensialı qələbəni təmin etməkdə əsas amillərdən biri olmuşdur. Hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir.
Bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir.
Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq, böyük işlər görülüb. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Məhz hazırlıq hesabına güclü dövlət yaratmışıq. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.
Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.
Müəllif:
Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət
Xidmətinin Göygöl rayon şöbəsinin rəisi 
polkovnik-leytenant Rüfət Məmmədovшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 146

Xəbər lenti