Azər Həsənov: “Prezident İlham Əliyevin müstəqil siyasət kursu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu”
(22-12-2021, 19:58)

Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ötən il 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Bunu da qeyd etmək lazımdır ki, Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz Azərbaycan bu reallıqların müəllifidir. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüslərilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Azərbaycan dövlətinin uğurlu siyasəti regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatları yarandı. Bu gün bir çox transmilli layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı durmadan artmaqdadır. Artıq hər kəs görür ki, regionda uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Artıq Azərbaycan sadəcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında həyata keçirilən ən önəmli transmilli layihələrin vacib iştirakçısı, bir çox hallarda isə təşəbbüskarı kimi tanınır və qəbul edilir. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər mühüm nailiyyətlər müasir müstəqil Azərbaycanın əsl gerçəkliklərini təşkil edir. Artıq dünyada heç bir qüvvə Azərbaycanı inamla irəlilədiyi bu inkişaf və tərəqqi yolundan döndərə bilməz.
Azər Həsənov
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti,
SSRİ İdman ustası, Əməkdar Məşqçi,
Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi,
Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti
Ana səhifəyə qayıt
Oxunub: 481
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar