Azərbaycan Qarabağda RLS əleyhinə PUA-dan istifadə edib?
(14-08-2021, 11:03)

Qarabağdakı döyüş əməliyyatları teatrında süni zəkaya malik “Kargu”-nun tətbiqi
İki nota ilə bərabər erməni tərəfə uçan iki zərbə PUA-sının sirri
Son 2 gündə bir neçə sual süal üzərindən paralellər aparmağa çalışdım: Qarabağla bağlı Azərbaycan Rusiya və İrana iki nota ünvanlayır, Rusiya müvəqqəti nəzarətində olan Qarabğda funksiyalarını yerinə yetirə bilmədiyini etiraf edir və bunu Azərbaycanın iki PUA zərbəsi ilə əlaqələndirir, Paşinyan isə seçkilərdən sonra sərhəd və komunikasiyalar barədə ilk dəfə qismən qəbul edilə biləcək açıqlama verir. Burada yenilik çox deyil, sadaladıqlarım ilə ayrı ayrılıqda nə zamansa rastlaşmışıq, lakin PUA zərbəsi mənim üçün daha maraqlı oldu. Hansı PUA ola biləcəyini araşdırdım, axtardım, sonda “Kargu” PUA-sı üzərində dayandım.
Kargu
Türkiyənin təhlükəsizlik qüvvələrinin ehtiyacları istiqamətində inkişaf etdirilən “Karğu” PUA-sı yerli STM şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. ilk dəfə IDEF-2017 sərgisində təqdim edilib. Zərbə tipli “Kargu” 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib. Naməlum sayda Azərbaycana ixracı da həyata keçirilib.
Konstruksuyası
Asimmetrik müharibə və ya terrorla mübarizə sahələrində istifadə üçün nəzərdə tutulan “Kargu” PUA-sı helikopter tipli yüngül zərbə vasitəsidir və “gəzən sursat” sinifinə aiddir. Tək əllə daşınır, avtonom və ya uzaqdan idarə olunur. 4 ədəd pər qanadlı zərbə PUA-sının dəstinə aparatın özündən başqa yerüstü idarəetmə qurğusu və PUA batareyasını yükləmə modulu daxildir. Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk PUA xüsusi təyinatlı bölmələr və təhlükəsizlik orqanları tərəfindən geniş istifadə edilir.
İxracı
Bu ilin iyulunda “Kargu” kamikadze tipli vasitənin tədarükü barədə ilk ixracat müqaviləsi imzalandığı məlum oldu. Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demirin verdiyi məlumata görə “Kargu”nun bu müqavilə çərçivəsində çatdırılması 2021-ci ildə başa çatacaq. PUA-ya Asiya ölkələri də daxil olmaqla bir çox dövlətlər tərəfindən böyük maraq göstərilir. STM bu günə qədər Türkiyə təhlükəsizlik güclərinə 500-ə qədər “Kargu” PUA-sı təslim edib.
STM şirkətinin istehsal etdiyi PUA-lar Azərbaycan üçün də daim maraq kəsb edib. Azərbaycanın Müdafiə naziri IDEF-2019 sərgisində iştirak edərkən şirkətin “Kargu” və “Alpagu” PUA-ları ilə xüsusilə maraqlanmışdı. Sonradan bu PUA-lardan birincisi Vətən Müharibəsi başlayandan az sonra Azərbaycana çatdırılmışdı.
Döyüş tətbiqi
Suriya və Liviyanın döyüş meydanında tələbatı qarşılamaq üçün dəyişikliklərə məruz qalaraq yenilənən və döyüş meydanında özünü sübut edən “Kargu” bir çox ölkənin maraq mərkəzindədir. Buna səbəb onun Liviyadakı ilk döyüş tətbiqi oldu. Keçən ilin payız aylarında Liviyada “Kargu-2” adlı PUA Xəlifə Həftərə sadiq Liviya Milli Ordusunun üzvlərini təqib edərək onları məhv etdi. Bununlada “Kargu-2” operatorun əmri olmadan hücum etmək üçün proqramlaşdırılmış ölümcül avtonom silah sistemi kimi özünü təsdiqlədi.
Daha sonra isə keçən ilin oktyabr ayının ortalarında Azərbaycan Ordusu bu PUA-lardan Qarabağdakı əməliyyatlarda istifadə edib. Son dəfə isə bu PUA-lardan 11 avqustda atəşkəsi pozan erməni silahlılarının Qarabağ ərazisində yerləşən mövqelərinə zərbə endirildiyi ehtimal olunur. Azərbaycan Türkiyədən sonra “Kargu” PUA-larının ikinci döyüş istifadəçisidir.
Versiyaları

“Kargu” PUA-ları bir neçə versiyada hazırlanıb. Əsasən canlı qüvvənin məhv edilməsi vəzifələrini yerinə yetirən “Kargu” PUA-larının sonradan RLS şüalanmasına qarşı hazırlanan versiyası da hazırlandı. PUA-nın GPS kanalı olmayan mühitlərdə işləyə biləcək “Kerkeş” versiyası da mövcuddur.
“Kargu 2” adlanan digər variantda isə onun faydalı yükü və uçuş müddəti qorunub, lakin kütlə 5 kq-a endirilib. Şirkətin məlumatına görə, PUA 20-dən çox aparatla birgə “sürü” tərkibində fəaliyyət göstərə və uçuş proqramına uyğun olaraq hədəfə müstəqil hücum edə bilir. TSQ keçən il Suriyada keçirdiyi hərbi əməliyyatlarda 29 ədəd PUA-nı eyni zamanda “sürü” şəkilində tətbiq etməklə onların real imkanlarının şirkətin göstəricilərindən daha yüksək olduğunu sübut etdi. TSQ hazırda “Kargu 2” versiyasının aktiv istifadəçisidir. Azərbaycana ixrac edilən PUA-ların versiyası və sayı dəqiq məlum deyil.
Taktiki texniki xüsusiyyətləri
Kvadrokopter tipli “Karğu” 4 elektriklə çalışan pərlər vasitəsilə hərəkət edir. Onun uçuş kütləsi 7,06 kq-dır. Elektrik mühərrikləri litium-polimer batareyalarla təchiz edilir. Onun havada qalma müddəti əvvəl 25 dəqiqəyə qədər idi, hazırda bu müddət 1 saata qədər artırılıb. Maksimum uçuş yüksəkliyi 2800 metr, optimal yüksəkliyi isə dəniz səviyyəsindən 500 metrdir. Standart versiyada “Kargu”-nun fəaliyət radiusu 5 km, maksimal sürəti isə 72 km/saatdır, lakin hücum zamanı şığıma sürəti 120 km/saata çatır. Uçuş müddətinin 4 dəfə artırılması, müvafiq olaraq fəaliyyt radiusunun da genişlənməsinə səbəb olub. Ölçüləri 600 mm x 600 mm x 430 mm olan aparatın -20 dərəcədən + 50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Onun buraxılması üçün 1 dəqiqədən də az zaman tələb olunur.
“Kargu 2” adlanan son versiyada isə onun faydalı yükü və uçuş müddəti qorunub, lakin kütləsi 5 kq-a qədər azaldılıb. STM şirkəti əvvəlcə “Kargu” üçün kütləsi 1,3 kq olan piyada əleyhinə/qəlpəli döyüş başlıqlı hədəf yükü də hazırladı, sonra isə eyni kütlədə olan termobarik döyüş başlığına malik zirehdələn sursat təsnifatlandırmadan keçirildi.
“Kargu”nun üstün və fərqli döyüş imkanları
Əslində 5 kq kütləyə malik yüngül PUA-lar arasında “Kargu”-ya bir neçə alternativ mövcuddur. Türk “gəzən sursat” modelinin digərlərindən ən üstün və fərqli xüsusiyyəti “Karğu”nun 20-dən çox aparatla birgə “sürü” şəklində fəaliyyət göstərməsi və uçuş proqramına uyğun olaraq hədəfə müstəqil hücum edə bilməsindən ibarətdir. Onun bu xusiyyəti artıq Liviyada istifadəsi zamanı təsdiqlənib, amma analoqlarının “sürü” şəklində və döyüşdə tətbiqinə dair təcrübəsi yoxdur.
“Kargu” PUA-sı gündüz və gecə koordinat (görüntü) üzərində seçilən hədəfi izləmək və müxtəlif sursatlarla ətrafa minimal ziyan verə bilən müstəqil zərbə endirmk imkanına malikdir. PUA hərəkətdə olan hədəfə kilidlənmək üçün müasir naviqasiya və idarəetmənəzarət alqoritmlərindən istifadə edir. Bir nəfər əsgər tərəfindən istifadə edilən “Kargu”, vəzifəsini ləğvetmə və ya özünü məhvetmə funksiyasına da malikdir. Təhlükəsiz şəkildə bazaya qayıdan bilən PUA-nın təkmilləşdirilmiş orijinal radioelektron mübarizə bloku ilə bərabər tənzimlənən məsafədən hədəfin məhvedilməsini təmin edən xüsusi milli proqram təminatı mövcuddur. Obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatlandırılması real zamanda həyata keçirilir. 10 qat optik yaxınlaşdırmanı təmin edən optik elektron sistemlərə malik PUA-nın döyüş sursatı, onun tətbiqindən az əvvəl yüklənir. PUA üstün yerüstü idarəetmə proqramına malikdir.
Yerdən operator tərəfindən idarə olunan PUA istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldilə bilir. Hədəfi məhv etməyən PUA sonradan yenidən istifadə üçün operatorun yanına qaytarıla
bilir. Şirkət “sürü” əməliyyatları üçün süni zəkanın inteqrasiya imkanlarını artıraraq, GPS siqnalı və rabitə kanalı olmadan aparatın idarə olunmasını təmin edib.
Nəticə
Türkiyə müdafiə sənayesinin istənilən yerli və milli məhsullarının Azərbaycan üçün əlçatan olmasını nəzərə alaraq, “Kargu” zərbə vasitələrinin Vətən Müharibəsi zaman döyüş əməliyyatlarında tətbiq edildiyini rahatlıqla deyə bilərik. Rəsmən vizual görüntüləri açıq mətbuatda mövcud olmasa da, onlardan ilk dəfə Azərbaycan Ordusu tərəfindən Cəbrayıl və Qubadlı istiqamətlərində istifadə edildiyi ehtimal olunur.
Əgər nəzərə alsaq ki, RLS əleyhinə versiya hazırda qoşun sınaqlarından keçir, o zaman bu versiyanın 11 avqustda rus sülhməramlı kontingentinin nəzarətində olan Qarabağ ərazisində erməni silahlılarının mövqelərinə zərbə endirməsi də istisna edilmir. Azərbaycan tərəfinin iki ədəd modeli açıqlanmayan kvadrokoprterdən istifadə etdiyi başqa ölkələr tərəfindən rəsmən təsdiqlənsədə, erməni silahlılarının itkiləri barədə məlumat verilmədi. Düşmən itkilərini 2 gün axtardım, amma nəticəsi olmadı. O zaman belə qənaətə gəldim ki, Azərbaycan 11 avqustda məqsədli şəkildə kiçik döyüş yükünə malik RLS əleyhinə “Kargu” PUA-sından istifadə edib. Sual oluna bilər: nədən Azərbaycan tərəfi məhz RLS əleyhinə PUA-dan istifadə edib? Suala cavabı Ermənistan MN-nin mətbuat xidməti A.Karapetyanın nazir təyin olunması ilə məğlub tör töküntülərin dərhal “döyüşə hazır orduya” çevrildiyini sarsıntı içində olan erməni xalqına yedizdirmək üçün, keçən həftə ərzində bir neçə dəfə Azərbaycan PUA-larına qarşı guya “geniş imkanlara” malik olduqlarını iddia etməsi ilə əlaqələndirirəm. Gah “Ermənistan ordusu ərazisinə yaxınlaşan PUA-ların qarşısını aldı” və ya “Azərbaycan PUA-sı sərhəddə məhv edildi” kimi həqiqəti əks etdirməyən bəyanatlar, təxminən 400 nəfərlik erməni silahlılarının və İran yük maşınlarının Qarabağa buraxılması ilə müşaiyət olundu. Bütün bu fəaliyyətlərin qarşısının alınması həm diplomatik, həm də hərbi kanallarla davam etdirildi. İki nota ilə bərabər Azərbaycan Ordusunun 11 avqustda düşmənin PUA-ları aşkarlamaq üçün nəzərdə tutulan RLS-inə iki ədəd radilokasiyaya qarşı “Kargu” PUA-sı göndərməsindən təbii nə ola bilərdi? Bununla həm əldə edilən PUA-nın RLS-ə qarşı imkanları döyüşlərdə sınaqdan keçirildi, həm də PUA-lara qarşı imkanlarını şişirdən Ermənistana yaxın tarixdə itirdiyi RLS-lər barədə təkrar xatırlatma edildi.
Mütəxəssislər isə yaxşı bilir ki, PLS kifayət qədər həssas elementdir, onu sıradan çıxarmaq üçün anten hissəsinə 200 qram trotil ekvvalentində TNT kifayətdir. Burda isə söhbət ən azı 1.3 kq-lıq iki ədəd partlayıcı maddəyə malik döyüş başlığından gedir.
Digər tərəfdən isə bu addıma görə kimsə Azərbaycanı qınaya da bilməz, çünki Qarabağda mövcud olan erməni silahlıları və onların texnikaları, sülhməramlılar tərəfindən 9 ay əvvəl həmin ərazilərdən çıxarılsaydı, bu gün nə atəşkəs pozulardı, nə də erməni silahlıları döyüş mövqeləri hazırlayardı. Başqa sözlə desək atəşkəsin pozulmasında rus sülhməramlılarının da payı az deyil. Rus sülhməramlıları ən azından tabe olduqları Rusiya Prezidentinin imzasına və onları öz ərazisində iştirakına icazə verən Azərbaycana hörmət etməyə börcludurlar.
İstənilən halda son dəfə tətbiq edilən “Kargu” PUA-ları Ermənistan siyasi rəhbərliyini növbəti dəfə qismən qəbul edilə biləcək açıqlamalar verməsi ilə nəticələnib. Paşinyan cəmi 1 gün sonra sərhədlərin müəyyənləşdirilməsi və kommnikasiyaların açılmasından pozitiv tonda bəhs etdi. Halbuki daha əvvəl onun bəyanatları bir neçə dəfə “yelkənsiz gəmi” kimi dalağalanmalara məruz qalırdı. Görünür bəzən döyüş meydanında Əsgərin sərt dillə danışması, əks tərəfə daha konstruktiv olması üçün münbit şərait yaradır. Odur ki, bizə aid olanı əldə etmək üçün tərəddüd etmədən, planlı və qətiyyətli davranmalıyıq.
Ədalət Verdiyev, hərbi ekspert
Ana səhifəyə qayıt
Oxunub: 155
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar