“Atam Vüsalın itkin xəbərini yasda eşitdi, infarkt keçirib öldü...” - FOTO/VİDEO
(2-07-2021, 13:00)

“Vüsal nişanlı idi, toyunu eləmək üçün möhkəm hazırlaşırdıq. O biri övladlarımın toyunda həyətimizi bəzəyirdim, bu dəfə deyirdim bütün məhəlləni bəzəyəcəyəm. Qismət oldu, onun yasında bəzəndi bizim həyətimiz. Dedim ki, “Vağzalı” çaldırın, qoy balamın muradı gözündə qalmasın. Vüsalı “Vağzalı” ilə evdən çıxardıq...”
Bu sözləri Azərbaycan Ordusunun şəhid mayoru, 16 il ön cəbhədə xidmət etmiş Vüsal Vəliyevin anası Mədinə Vəliyeva “Qafqazinfo” ilə söhbətində deyib.
Bu qadın müharibə ərəfəsində oğlu ilə yanaşı, ömür-gün yoldaşını da itirib. Onun həyat yoldaşı oğlunun itkin xəbərini eşitdiyi gün, elə övladı üçün ev tikəcəyi torpaqda vəfat edib...
Məhz bu gün Vətənə belə oğul bəxş etmiş ata-ananın doğulduğu gündür. Eyni gündə dünyaya gələn valideynlər bundan əvvəlki 40 ildə ad günlərini birlikdə qeyd ediblər. Bu il isə ilk dəfədir ki, Mədinə ana ad gününü həm həyat yoldaşı İslam Vəliyev, həm də oğlu Vüsalsız keçirir...
.jpg)
Şəhidimiz, həmlə taborunun komandiri olan Vüsal Vəliyev xidmətə Haramı düzündən başlayıb. Həmişə ən çətin bölgələrdə, düşmənlə üz-üzə xidmət edib. Müharibə başlayanda hər kəsdə bir narahatlıq olsa da, Aprel döyüşlərindən rəşadətlə çıxan Vüsalın bu döyüşləri də sağ-salamat başa vuracağına inam böyük olub. O, mərdliklə döyüşüb, hətta itki vermədən öz taboru ilə 3 postu bir günə geri alıb. Lakin noyabrın 9-da düşmən gülləsi onu da haqlayıb:
“Oktyabrın 2-də zəng vurub bizimlə danışdı, hal-əhval tutdu. Həmin gün qardaş-bacılarının da hamısına zəng vurub. Bizimlə halallaşıbmış. Axırıncı danışığımız o oldu. Ondan sonra həsrətlə, ümidlə, gözümüz yollarda qala-qala gözlədik.
...Atası onun itkin xəbərinə dözmədi, Vüsalın yolunda getdi. İki ay ərzində iki zərbə aldıq. Həm yoldaşımı, həm də Vüsalı itirdik”.
Şəhid anasının sözlərinə görə, Vüsalın şəhid xəbəri çıxmamışdan qabaq yuxuda onu 3 dəfə “Şəhid anası!” deyə çağırıblar: “Yatmışdım, yuxuda məni 3 dəfə çağırdılar - “Şəhid anası!” O səs pəncərədən, eşikdən gəlmədi, bilmədim haradan gəldi. Oyandım, çox narahat oldum, Allaha yalvardım ki, bunu mənə yaşatmasın. Amma yaşadım...
Yalvarırdım ki, əgər balama bir şey olubsa, onu məzarsız eləmə. Mənim bir dayaq nöqtəm olsun. İndi mənim yeganə təsəllim Vüsalın xiyabandakı evidir. Mən heç vaxt demirəm Vüsal ölüb. Soruşanda hara gedirsən, cavab verirəm ki, Vüsalın yanına... Başımı başına söykəyib ağlayıram, dərdləşirəm. Vüsal-mənim giley yerim, Vüsal-mənim ümid yerim. Baxma ki, mənim beş övladım var, hamısı bir-birindən sevimlidir. Ancaq Vüsal tamam başqa oğul idi”.
Söhbət zamanı məlum olur ki, Vüsalın illərlə ailəsindən kənarda yaşadığını nəzərə alan ailəsi ona ən yaxşı toy etmək arzusunda olub. Lakin pandemiya səbəbindən toy 4 gün qalmış təxirə salınıb. Növbəti dəfə isə toyu müharibə, həm də əbədi olaraq təxirə salıb...
.jpg)
“Vüsal nişanlısını özü seçmişdi. Onun da arzusu, istəyi, muradı gözündə qaldı. Hələ də deyir ki, “bilirəm Vüsal yoxdur, amma indi də Vüsalla toy xəyalları qururam”... Vüsal bizi yarı yolda qoydu, Vətənini, bayrağını seçdi. Martın 24-ü Bakıda, 28-i Naxçıvanda toy təyin olunmuşdu, qismət olmadı. Toyuna 4 gün qalmışdı, pandemiya ortaya düşdü. Bu dəfə noyabr ayına təyin etdik, Vüsal dedi ki, hələ toyu saxlayın. Bəlkə də müharibənin olacağını bilirdi. Deyirdi, qoy torpaqlarımızı alaq, bir də gördünüz toyu Şuşada elədim. O arzularla yaşadı Vüsal. İndi Cıdır düzündə yallı gedirlər, deyirəm, ay Vüsal, bu, sənin arzun idi... Çox şükür ki, Prezidentimiz, elimizin-obamızın say-seçmə oğulları getdi, orada qol qaldırdı”.
Şəhid analarının təsəlli tapması çox çətindir. Mədinə ananı ayaqda saxlayan o dəmir yumruqda Vüsalın da qatqısının olması, onun da dəmir yumruğa güc qatmasıdır. Özünün dediyi kimi, o, Vüsal kimi bir oğul itiribsə, el qəhrəman mayorunu itirib. Ana bizə Vüsalın şəhadətindən sonra yazdığı şeiri oxuyur, oxuduqca da kövrəlir:
Hərdən səyyah olub, Murov dağı gəzirəm,
Daş götürüb yumruğumda əzirəm,
Qan süzülür biləyimdən
Bir gül bitir,
Mənə baxır, gülümsəyir...
Qollarını geniş açıb: “Gəl maması, mən Vüsalam!”
Qollarımı gen açıram,
Çiçəyə doğru qaçıram...
Düz bir ildir görüşmürük, gen düşübdü yollarımız.
Bir-birimizin boynuna heç dolanmır qollarımız....
.jpg)
Şəhidin qardaşı Apoş Vəliyevlə də həmsöhbət oluruq. Deyir ki, şəhadətindən 9 ay keçsə də, Vüsalı yaddan çıxardığı bir gün belə olmayıb. Bütün bacı və qardaşlar, ailəsi Vüsaldan sonra darmadağın olub, toparlana bilmir. Çünki özlərinin də dediyi kimi, Vüsal ailənin şah damarı olub. Onun itkin və şəhid xəbərini valideynlərdən nə qədər gizlətməyə çalışsalar da, alınmayıb:
“Atamın atası İkinci Dünya Müharibəsində itkin düşüb. Atam bütün sevgisini övladlarına vermişdi. Ona görə də qardaşım itkin düşəndə atam dözə bilmədi. Mən 10 gün Vüsalın itkin düşməyini valideynlərimdən gizlətdim.
.jpg)
Murovdağın ətəklərinə, Göygölə kimi gedib çıxdım ki, bəlkə Vüsalı taparam. Atam yas yerinə gedəndə qonşular soruşublar ki, “Vüsaldan nə xəbər var, eşitdik itkin düşüb?” Vüsal üçün torpaq almışdıq, ev tikəcəkdik. Atam yasdan çıxıb ora gedib, orada da dünyasını dəyişib. Onun heç bir xəstəliyi yox idi, o xəbərdən infarkt keçirmişdi. Uşaqlıqda aldığı travma və oğul itkisi buna səbəb olmuşdu...”
.jpg)
Neçə-neçə əsgərinin təhsilinə kömək edən, arxasında dağ kimi duran qəhrəman zabitimiz noyabrın 9-da Şuşada şəhid olub. 72 gün xəbər ala bilmədikləri Vüsal Vəliyev dekabrın 14-də Şərur rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Hazırda şəhidin ata ocağını bir vaxtlar Vüsalın sinəsini bəzəyən “Azərbaycan Silahlı Qüvvələrinin 95 və 100 illiyi ilə bağlı yubiley medalları, ölümündən sonra təltif olunduğu “Vətən uğrunda”, “İgidliyinə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları bəzəyir. Vüsalın xidmət etdiyi hərbi hissədən ona “Azərbaycan Bayrağı”, “Rəşadət” ordenləri və “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülməsi üçün təqdimat verilib.
İndi onun medalları şəhidin yaxınları və anası üçün sanki övlad əvəzidir. Şəhid anası hər gün oğlunun paltarlarını qoxlayır, orden və medallarını əzizləyir...
Ana səhifəyə qayıt
Oxunub: 209
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar