“Özüm bənnayam, Əli də mənə kömək edirdi..." - Şəhid əsgərimizin atası...
(15-03-2021, 09:00)


“Özüm bənnayam, Əli də mənə kömək edirdi...
Vətən müharibəmizin növbəti şəhid qəhrəmanlarından biri də əgər Qənbərov Əli Mahir oğludur.
 
Qeyd edək ki, biz Moderator.az saytı olaraq şəhidlərimizlə bağlı silsilə yazılarımıza davam edirik.
 
Bu dəfə sizə şəhid Əli Qənbərovun döyüş yolundan bəhs edən yazını təqdim edirik.
 
Əməkdaşımız Cəlilabad rayonunda şəhidimizin ata evində qonaq olub və atasıyla söhbət edib:
 
Bizi şəhidimizin atası Mahir bəy qarşıladı. Evə dəvət olunduq. Otaqda şəhidimizin fotolarında ibarət biz masa var. Elə onun ətrafında söhbətimizə başladıq. Şəhidimizin atası deyir ki, Əli evin sonbeşiyi olub:
 
“Üç oğlum var, Əli evin sonbeşiyi idi. Özüm bənna işləyirəm, Əli də əsgərlikdən qabaq mənim yanımda işləyirdi. Elə Əli şəhid olanda mən Bakıda işləyirdim, zəng vurub bu acı xəbəri mənə deyəndən sonra evə gəldim. Əlini aprelin 5-də əsgər yola saldıq. Füzulidə xidmət etməyə başladı. Xidmət etdiyi vaxtda bir dəfə yanına getdik, daha sonra pandemiya olduğu üçün ona baş çəkə bilmədik. Ancaq telefonla əlaqə saxlayırdıq. 
 
Sentyabrın 27-də isə döyüşlər başladı. Əlidən narahat olmağa başladıq. Amma vaxt etdikcə, Əli zəng vurub bizimlə danışırdı. Sonuncu dəfə onunla oktyabrın 2-də danışdıq və sonra onunla əlaqə yarada bilmədik. Oktyabrın 7-də isə Əlinin şəhid xəbərini aldıq. Onun nəşini gətirib böyük izdihamla dəfn etdik. Onda komandiri ilə danışdıq və bildirdi ki, Əli okyabrın 6-da şəhid olub. 
 
Əli döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən müharibəsində Əliylə birlikdə qardaşımın iki oğlu, bacımın bir oğlu və əmimin iki nəvəsi iştirak edirdi. 
 
Bu gün şəhid atası kimi mənə rayonda həmişə hörmətlə yanaşırlar. Əlinin döyüş yolu sizin kimi fədakar jurnalistlərimiz tərəfindən işıqlandırılır. Allah hamıdan razı olsun”. 
 
Sonda şəhidimizin ailəsinə başsağlığı verib, ordan ayrıldıq. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 
Vasif Əlihüseyn
Fotolar müəllifindir.
 
 
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 202

Xəbər lenti