“Azərbaycan və Türkiyə ilə sülh şəraitində Ermənistanda illik 10 % iqtisadi artım ola bilər...”
(11-09-2021, 10:04)


“Azərbaycan və Türkiyə ilə sülh şəraitində Ermənistanda illik 10 % iqtisadi artım ola bilər...” 
“Nəinki kommunikasiyaların açılsa, eyni zamanda iqtisadi inteqrasiya prosesləri dərinləşərsə, təxminən 2030-cu ilədək, yaxın və orta perspektivdə Azərbaycan və Gürcüstanla bərabər Ermənistan da ümumi daxili məhsulumuzu 2 dəfəyədək qaldıra bilərik...”
 
Son olay və proseslərdən gəlinən nəticə budur ki, Ermənistan bir ölkə kimi öz varlığını qoruyub saxlamaq  üçün əvvəl-axır Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişinə imza atmalı, ərazisindən keçən Meğri yolu və digər kommunikasiyaları açmalı, eləcə də Türkiyə ilə qonşuluq əlaqələrini bərpa etməlidir. Bəs görəsən, bu halda Ermənistan iqtisadiyyatı hansı səviyyədə artım əldə edə bilər? Bu ölkəyə Azərbaycan və Türkiyə ilə iqtisadi, siyasi-diplomatik əlaqələrin bərpasından təxminən  nə qədər iqtisadi fayda gəlməsi mümkündür?
 
Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadiyyat və eyni zamanda konfliktologiya üzrə ekspert Elşad Məmmədov mövzu ilə bağlı bunları söyləyib:
 
“Kommunikasiyaların açılması nəticəsində iqtisadi perspektivlərlə bağlı müxtəlif senarilər mövcuddur. Məsələn, nəqliyyat dəhlizləri açılmasıyla loqistik, yəni daşımalarla bağlı artım, sözsüz ki, bölgənin bütün ölkələrinə, o cümlədən Ermənistana da iqtisadi resursların daxil olmasını təmin edəcək. Bir də var ki,  biz kommunikasiyaları açırıq və bundan sonra iqtisadi inteqrasiya prosesləri də gedir, regiondakı iqtisadi qurumlar arasında münasibətlər dərinləşir, vahid bağlantılar formalaşır, vahid istehsal mərkəzləri yaranır. Hesab edirəm ki, bu senari ilə də  bölgənin bütün ölkələrində iqtisadi artım dayanıqlı olacaq. Kommunikasiyalar bərpa olunsa və birgə  iqtisadi layihələr reallaşsa, maliyyə və əmək bazarlarında inteqrasiya olsa, eyni zamanda birgə istehsal prosesləri baş versə, ən azı, yaxın 20-25 il ərzində  regionumuz iqtisadi inkişaf nöqteyi-nəzərindən nəinki Asiya və Avropada, bütün dünyada qabaqlayıcı bir iqtisadi artım nümayiş etdirə bilər. Hazırda bölgənin bütün dövlətlərində investisiyaların, kapital qoyuluşlarının həcmi lazımi səviyyədən  xeyli dərəcədə aşağıdır, pul kütləsi, birgə layihələr azdır. Hətta Cənubi Qafqazın  ən güclü iqtisadiyyatına malik Azərbaycanda belə, bu iqtisadi problemlər var. Bu baxımdan Ermənistanda son 30 ildə hansı dərin iqtisadi problemlərin yarandığından danışmaq artıqdır. Azərbaycan isə son onilliklərdə iqtisadi inkişafına əsasən Avropa İttifaqına ölkələrinə enerji daşıyıcılarının, neftin ixracı sayəsində nail olub”.
 
İqtisadçı professor bütün dünyada olduğu kimi, Güney Qafqazda da regional əlaqələrin bərpası və inkişafının vacibliyini əsaslandırıb.
 
“Bu günsə dünya dəyişir. Biz görürük ki, Avropa İttifaqının özündə də mərkəzdənqaçma meyilləri yaranıb, ümumiyyətlə, dünyada deqloballaşma prosesləri gedir. Əfqanıstandakı son olayların misalında biz gördük ki, artıq dünya bir mərkəzdən idarə olunmur. Ona görə də hazırda regional inkişaf son dərəcə önəmlidir.  Ermənistan üçün isə bütün qonşularla əlaqələri bərpa etmək, inteqrasiyaya nail olmaq həddindən artıq önəmlidir. Çünki  artıq Ermənistanın dövlət kimi qalıb-qalmaması məsələsi gündəmdədir. Hətta ən revanşist qüvvələr belə, bu ölkədə hakimiyyətə gəlsə, inteqrasiyanın alternativi yoxdur. Onlar sadəcə olaraq kommunikasıyaların açılması prosesini uzatmaq, hansısa şərtlər qoymağa cəhd etməklə siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışırlar. Amma  onlar bu destruktiv fəaliyyəti uzun müddət davam etdirə bilməyəcəklər. Çünki  yenə də təkrar edirəm, Ermənistanın varlığı üçün deyilən yolun alternativi yoxdur”. 
 
“Amma bölgə ölkələri çalışmalıdır ki, məsələ yalnız kommunikasiyaların açılmasıyla məhdudlaşmasın. Unutmayaq ki, keçmiş Sovet İttifaqı çərçivəsində bütün müttəfiq respublikalar kimi Azərbaycan, Gürcüstan, Ermənistan da biri-biri ilə, o cümlədən Rusiya ilə sıx iqtisadi inteqrasiya şəraitində yaşayırdı. Və onda heç bir respublikanın nə neftdən, nə digər xammaldan o dərəcədə asılılığı olmayıb. Son 30 ildən çox müddətdə isə erməni separatçılığı bölgədə elə bir kök saldı ki, bütün o iqtisadi əlaqələr dağılmış oldu.   Amma 44 günlük savaş nəticəsində bölgəmiz iqtisadi əlaqələri bərpa etmək üçün unikal imkan əldə edib. Bundan istifadə edib idxaldan asılılığımızı azaldaq, öz istehsalımızı artıraq.  Azərbaycanın  qeyri-neft, qeyri-xammal sektoru üçün də ən əsas ixrac bazarları məhz yaxın, qonşu ölkələrdir. Ona görə də ölkələrarası inteqrasiyaları bərpa etmək çox vacibdir. Və hesab edirəm ki, bölgə dövlətləri deyilənləri həyata keçirərsə,  nəinki kommunikasiyaların açılması, eyni zamanda iqtisadi inteqrasiya prosesləri dərinləşərsə, təxminən 2030-cu ilədək, yaxın və orta perspektivdə ümumi daxili məhsulumuzu 2 dəfəyədək qaldıra bilərik. Bu, ayrıca Ermənistana da aiddir.  Qeyd edilən şərtlər daxilində Ermənistanda bu proses xüsusilə sürətlə gedəcək. Çünki son 20-30 ildə bu ölkənin iqtisadi göstəriciləri o qədər aşağı olub ki, birdən-birə bu qədər kapital qoyuluşu edilsə,  o qədər istehsal mərkəzləri açılsa, Ermənistan iqtisadiyyatı illik 10 faizədək iqtisadi artım əldə edə bilər. Və bu, həmin ölkə üçün iqtisadi möcüzədir. Ermənistan üçün dediyim kimi, başqa alternativi yoxdur. Eyni zamanda bu, bölgənin  digər ölkələri, o cümlədən Gürcüstan və Azərbaycan üçün də iqtisadi dividentlər verə bilər. Hesab edirəm ki, iqtisadi inteqrasiya, dediyimiz kimi, bərpa olunsa, biz idxaldan asılılığımızı azaltsaq, biz illik 20-25 faiz iqtisadiyyatımıza qoyulan səraməyələrin həcmini artırsaq,  Azərbaycanda 2030-cu ilədək ümümdaxili məhsulu, ən azı iki dəfə artıra bilərik ki, bu da çox böyük iqtisadi göstəricidir”- deyə iqtisadçı ekpert vurğulayıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 3

Xəbər lenti
20-09-2021 13:09
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930